Yığmamızdan Avropa çempionatında 3 qızıl, 6 gümüş, 7 bürünc
03.04.2022 - 21:51
Yığmamızdan Avropa çempionatında 3 qızıl, 6 gümüş, 7 bürünc

Azərbaycan millisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında çıxışını başa vurub. 

Apasport.az saytının məlumatına görə, sonuncu yarış günündə yunan-Roma güləşçilərimiz daha 1 qızıl və 3 bürünc medal qazanıblar. 

Təmsilçilərimizdən Murad Məmmədov (60 kq) rumıniyalı Razvan Arnauta 5:2 hesabıyla qalib gələrək Avropa çempionatının bürünc medalına sahib çıxıb. 

Həsrət Cəfərov (67 kq) serbiyalı Sebastyan Nadla 3-cü yer uğrunda güləşib. Rəqibini 8:1 hesabıyla üstələyən güləşçimiz bürünc mükafata yiyələnib.

Ülvü Qənizadə (72 kq) də çıxışını medalla bitirib. Kristupas Sleyva (Litva) üz-üzə gələn həmyerlimiz 14:7 hesablı qələbə sayəsində 3-cü yeri tutub. 

Komanda yoldaşlarından fərqli, Rafiq Hüseynov (82 kq) final görüşünə çıxıb. Gürcü Gela Bolkvadzeyə 2:1 hesabı ilə qalib gələn Olimpiya mükafatçımız 3-cü dəfə Avropa çempionu tituluna yiyələnib. 

Yığmamız Avropa çempionatındakı iştirakına Murat Lokyayevin (97 kq) mübarizəsi ilə yekun vurub. Bürünc medal uğrunda avstriyalı Daniel Qastlla üz-üzə gələn legionerimiz günün yeganə məğlubiyyətinə üzülüb - 1:4.  

Beləliklə, yunan-Roma güləşi üzrə milli Avropa çempionatını 2 qızıl, 1 gümüş və 5 bürünc medalla bitirib. Daha öncə Eldəniz Əzizli (55 kq) birinci, Taleh Məmmədov (63 kq) ikinci, Sənan Süleymanov (77 kq), İslam Abbasov (87 kq) üçüncü yeri tutub. 

Qeyd edək ki, sərbəst güləşçilərin yarışında Maqomedxan Maqomedov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq) və Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurmaqomedov (92 kq) bürünc medal qazanıb. Qadın idmançıların mübarizəsində isə Elis Manolova (65 kq) ikinci olub. 
 

0