Yığmamızın milliləşdirdiyi cüdoçu: “Çox çətin həyatım olub”
16.05.2022 - 12:52
Yığmamızın milliləşdirdiyi cüdoçu: “Çox çətin həyatım olub”

Avropa Cüdo Birliyi Azərbaycan yığması üçün milliləşdirilən İran əsilli Monqolustan cüdoçususu Səid Mollayi haqda yazı dərc edib.

Apasport.az saytının məlumatına görə, məqalədə 30 yaşlı idmançının 81 kq çəki dərəcəsində adını bütün dünyaya duyurduğu, Azərbaycan yığmasına cəlb olunmaqla hər iki tərəf üçün perspektivli addım atıldığı vurğulanıb.

Yazıda Mollayinin fikirlərinə də yer verilib. O, Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycan bayrağı altında iştirak edəcəyi üçün sevincli olduğunu və yüksək nəticə qazanacağına əminliyini ifadə edib: “Ailəm əslən azərbaycanlıdır, mədəniyyətimizi və dilimizi yaxşı bilirəm. İnanıram ki, Paris olimpiadasında nəticəm Tokiodakı qazandığım uğurdan daha yüksək olacaq”.

Almaniyada dəfələrlə təlim-məşq toplanışında iştirak edən Səid Azərbaycan millisinin baş məşqçisi Riçard Trautmanı təcrübəli və yüksək nəticəsi olan məşqçi kimi tanıdığını bildirib. O, Trautman kimi peşəkar məşqçinin nəzarəti altında yüksək nailiyyətlər əldə edəcəyinə əmin olduğunu deyib.

Cüdoçu qarşısına çıxan bütün maneələri aşaraq, məqsədə doğru getməyi yaxşı bacardığını dəfərlərlə sübut etdiyini əlavə edib: “Çox çətin həyatım olub, lakin indi azad insan olduğum üçün xoşbəxtəm. Həmişə dünyaya göstərmişəm ki, cəsur insanlar hər zaman qalib gəlir”.

Qeyd edək ki, Səid Mollayi 2018-ci ildə Bakıda keçirilən dünya çempionatının qalibi olub. O, həmçinin 2017-ci ildə paytaxtımızda təşkil olunan İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb. Mollayi Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısıdır.
 

0