AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
03.02.2025 - 21:54
AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

3 fevral 2025-ci il tarixində AFFA-nın inzibati binasında AFFA-nın prezidenti Rövşən Nəcəfin rəhbərliyi altında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Apasport.az xəbər verir ki, İcraçı vitse-prezident Sərxan Hacıyev iclasın gündəliyi barədə məlumat verib.
Daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub.
 
Əvvəlcə AFFA-nın yeni baş katibinin təyinatı olub. İcraiyyə Komitəsi Cahangir Fərəcullayevin bu vəzifəyə təyin olunması barədə qərar qəbul edib.
 
İclasda AFFA-nın 2025-ci il üçün büdcəsi təsdiqlənib.
 
Həmçinin AFFA-nın 2025-2028-ci illəri əhatə edən inkişaf strategiyası qəbul olunub.
 
İclasda Misli Premyer Liqasında klub sayının artırılması məsələsi müzakirə olunub. 2025/2026-cı illər mövsümündən komanda sayının 10-dan 12-yə artırılması qərara alınıb. Çempionatın əsasnaməsi və formatı İcraiyyə Komitəsinin növbəti toplantısında müzakirə ediləcək. 
 
İcraiyyə Komitəsi 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (2008-ci il təvəllüd) baş məşqçisi İlham Yadullayevin müqavilə müddətinin “UEFA İnkişaf Turniri – 2025”də iştirakla əlaqədar mayın 1-dək uzadılması barədə qərar qəbul edib. Digər yaş qrupları üzrə milli komandaların baş məşqçilərinin təyinatı komitənin növbəti iclasında müzakirə olunacaq.

0