"Araz-Naxçıvan" yayda heyətinə qatdığı əksər futbolçuları komandada saxlamaq niyyətindədir. Xüsusən də, legionerlərin bu sezon öz performansı ilə diqqətləri özünə cəlb etməsindən sonra Naxçıvan klubu onları itirmək istəmir.
Apasport.az saytına verilən məlumata görə, "Araz-Naxçıvan" Felipe Santosa yeni müqavilə təklif etməyi planlaşdırır.
Belə ki, hazırda turnir cədvəlində ikinci pillədə qərarlaşan klub braziliyalı yarımmüdafiəçiyə yeni bir illik müqavilə təklif edəcək.
27 yaşlı futbolçunu Premyer Liqamızdakı iddialı klubların əksəriyyəti yayda heyətinə qatmaq istəyir. Amma "Araz-Naxçıvan" Santosu buraxmayacaq, futbolçunun özü də qalmaq istəyir.
Qeyd edək ki, Santos 2024-cü il iyulun 10-da Naxçıvan klubuna keçib və onun müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.