Ayxan Abbasov: “Gedib deyim ki, oynayın?”
09.03.2025 - 18:20
Ayxan Abbasov: “Gedib deyim ki, oynayın?”

Misli Premyer Liqasının XXVI turunda "Şamaxı" evdə "Sabah"ı məğlub edib. 

Apasport.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Ayxan Abbasov 1:0 hesablı qələbəni belə şərh edib:

“Komandamı, rəhbərliyi və azarkeşləri təbrik edirəm. Həqiqətən bizim üçün önəmli qələbə idi. Hər xal qızıla bərabərdir. Sevindirici hal odur ki, xal qazanmağı davamlı edə bilirik. Buna ehtiyacımız var idi. Çünki stabillik çatmırdı. Bunun səbəbləri bəllidir. Yeni komandayıq, bəzi səbəblər oldu. Bu gün taktiki baxımdan rəqibə üstünlük vermədik. Oyun orta xətdə gedirdi. Qol vurandan sonra nəticəyə oynadıq. İkinci hissədə tempin yüksək olmaması normal idi. Bu 3 xal bəlkə də Premyer Liqada qalmağımıza çox böyük dəstək olacaq".

- Rəqib baş məşqçi bildirdi ki, "Şamaxı" futbolçuları tempi aşağı salırdı, vaxt aparırdı. Buna münasibətiniz necədir?
- Mənim yanaşmam başqadır. Heç vaxt bu şeylərə fikir vermirəm. Biz məğlub olanda da belə hallar olub. "Turan Tovuz"la matçda 82-ci dəqiqədən 90+4-cü dəqiqəyə kimi oyun olmadı. Normaldır. Rəqib qələbə qazanmaq istəyir. Gedib deyim ki, oynayın? Vasili Berezutskinin dediklərində həqiqət var. Normal qarşılayıram.

- Edqar Adilxanovu milliyə hazır hesab edirsiz?
- Məncə, hələ milli üçün tezdir. Gəlin, tələsməyək. Bir çox futbolçular olub ki, parlayıb tez bir zamanda sönüblər. Edqarın böyük potensialı var. Amma hələ ilk addımlarını atır. Belə oynamağa davam etsə, milli komandaya namizəd ola bilər. Gənc futbolçu millidə formanı qazanandan sonra heç kimə verməməlidir. Elvin Cəfərquliyevi, Toral Bayramovu nümunə gətirə bilərəm. Bu gün Edqar milliyə hazır deyil. İnanıram ki, belə davam etsə, hazır olacaq.

- Yeni transferiniz oynamağa hazırdır?
- Bəli, bir futbolçu transfer etmək istəyirik. Dünən gecə Azərbaycana gəlib. Tibbi müayinədən keçəndən sonra müqavilə imzalayacaq. Belajdi Pusi gedəndən sonra bu istiqamətdə işimizi davam etdirirdik. Komandamıza uyğun hücumçudur. Ona inanırıq.

- Əsas vaxta artırılan 7 dəqiqə doğru qərar idi?
- Əvəzetmələr olub, həkimlər meydana girib. 7 dəqiqə ilə razıyam. Amma bizim "Turan Tovuz"la matçımızda bundan çox dayanma olmuşdu, cəmi 4 dəqiqə artırdılar. Bu gün hakimlik normal idi. Bəzən oyunun tempini salmamaq üçün kiçik foulları vermədi.