Bəhmən Həsənov: "Mənə qarşı haqsız davranışlar futboldan kənarda qalmama səbəb olub"
03.01.2025 - 16:20
Bəhmən Həsənov: "Mənə qarşı haqsız davranışlar futboldan kənarda qalmama səbəb olub"

Azərbaycan Premyer Liqasında çalışmış, ancaq uzun illərdir ki, ölkə çempionatından uzaq qalan Bəhmən Həsənov apasport.az saytına müsahibə verib.

- Uzun müddətdir ki, Premyer Liqadan uzaqsız. Təklif göndərən heç olmayıb? 
- Demək olar ki, NBC, "Muğan", "Rəvan" klubu mənimlə yaranıb, mənimlə də bitib. Bu klubda uşaq futbolundan baş məşqçiyə, C kateqoriyasından isə PRO kateqoriyasına kimi yüksəlmişəm. Nə əldə etmişəmsə, öz gücümə, öz zəkama görə olub. Kimsə mənimçün başqa birindən nəsə xahiş etməyib. Bütün həyatım boyu belə olub. Mən sovet metodikasından imtina edib, yeni metodikanı mənimsəyəndə 53 yaşım var idi. Görünür, yaş məsələsi, ətrafımın geniş olmaması, menecerlərlə əlaqəli iş qura bilməməyim, bir az da qapalı olmağım, heç kimə ağız açmamağım bu gün kənarda qalmağıma böyük təsir edib.

- Bəs, hazırda hansı sferada çalışırsınız?
- Hazırda dostumun biznes şəbəkəsinin birində müdir kimi çalışıram. İşimdən də çox mənmunam. Həmçinin, İranda dəvətlə futbol məktəblərində seminarlarım olur. Bu da mənə futbolu unutmağa imkan vermir. 
 
- Uzun müddət NBC, "Muğan", "Rəvan" klublarında çalışdınız. Sizcə, fərqli komandalarda işləməməyiniz indi sizə tələbin olmamasına səbəbdir?
- Əslində, işlədiyim dövrdə heç də pis nəticə göstərməmişəm. Noyabrda "Muğan"da baş məşqçi olanda klub 11 xalla sonuncu yerdə idi. Mövsümü isə 56 xalla tamamladıq. Mənim futboldan kənarda qalmağımın səbəblərindən biri də güvəndiyim, əmək verdiyim, dəyər verdiyim insanların mənə qarşı haqsız davranışları olub. 

- Adətən bir neçə dəfə eyni komandanın baş məşqçi postuna dəvət edilmişdiniz. Niyə məhz dəfələrlə bu kluba uzunmüddətli yox, əvəzedici kimi çağrılırdınız? 
- Hər gəldiyimdə klubda durum çox pis vəziyyətdə olurdu. Mənsə xilaskar rolunda çıxış edirdim. Klubun rəhbəri yüksək intellekti olan gözəl insandır. Amma "Rəvan"da idarəetmə peşəkarlıqdan çox uzaq idi. Lazımsız transferlər, işə qeyri-peşəkar yanaşma, dedi-qodu və s... Çox danışmaq istəmirəm. Keçmiş keçmişdə qaldı. Həm də mən o zaman çox təcrübəsiz və sadəlöhv idim. Mənim üçün söz-söhbətin olmadığı yer akademiya idi. Hər halda, güvənsəydilər, həqiqətən, zamanla yaxşı nəticələrim ola bilərdi. "Qarabağ" xaricində Azərbaycan futbolunun anlamı yoxdur. Burada nəticə iki vur ikidir. 

- Ümumiyyətlə, indi Premyer Liqada işləməyiniz, sizcə, reallaşa bilər? 
- Yəqin ki, məni yaxından tanımadıqlarına görə dəvət etməyiblər. Bir də, mən vaxtımı boş ümidlərlə İranda keçirdim. Üç rəsmi təklif almışam oradan. Amma anlaşa bilməmişəm. Təkliflərdən biri Premyer Liqa, digər ikisi isə birinci liqa klubundandır. Lakin hələ ki, qalıb. Bilirsiz, Azərbaycanda fərqli komandalar yoxdur. Əvvəl cəmi 8 komanda var idi. Onların da öz baş məşqçiləri. Birinci Liqa isə bataqlıqdır, söz-söhbətlər heç vaxt səngimək bilmir. İndi gözəl insan və menecerlə tanış olmuşam. Bəzi təklifləri olub. Bu da ölkə xarici ilə bağlıdır. Yəqin ki, yaxın vaxtlarda nəticə olacaq. Azərbaycan karusel kimidir, bir məşqçini digəri əvəz edir. 

- Azərbaycan Premyer Liqası kənardan necə görünür? Sizcə, liqada rəqabət var? Səviyyə yüksəlib?
- Gördüyümə görə yox, eşitdiyimə görə, futbol inkişaf edib. Rəqabət ancaq sonuncu yer uğrunda gedir. Birinci yer uğrunda isə belə rəqabət yoxdur. Bilirsiz, çox məsələlərə toxuna bilərəm. Lakin bizim çempionatın analoqlu yoxdur. Dediyim kimi, burada kim nəticə əldə edə bilmirsə, günahı yalnız özündə axtarsın.  

- Sizcə, "Qarabağ"ın hegemonluğuna niyə digər klublar son qoya bilmir? Adətən, "Neftçi"nin çempionluq mübarizəsində olacağı gözlənilirdi. Lakin "Neftçi"də durum yaxşı görünmür. Onlar haqda fikriniz necədir? Sizcə, Samir Abasov komandanı əvvəlki günlərinə qaytara biləcək?
- Samir Abasov son müsahibəsində həm rəhbərliyə, həm də futbol ictimaiyyətinə mesaj verdi: "Get ay batandan sonra gəl, nənəm yatandan sonra gəl, ay oğlan". Yəni, bu ilin nöqtəsini qoyub, gələn ilə ya qismət. Onsuz da, "Sumqayıt"dan gedəndə 6 oyun idi ki, qələbə qazana bilmirdilər.   

- Kənardan Premyer Liqa və məşqçi işi daha yaxşı görünə bilər. Premyer Liqada çalışan məşqçilər arasında üçlük tərtib etməyinizi xahiş etsəm, ilk 3-lük necə olardı?
- Mən Şahin müəllimi izləyirdim. Diniyev bizim nəslin son nümayəndəsi idi, o da belə. Düşünürəm ki, əgər cavan kadrlara üstünlük verirdilərsə, Rəşad Abdullayev "Neftçi"yə bəlkə də uyğun olardı. Elvin Məmmədov isə "Səbail"ə. O ki, qaldı Birinci Liqaya, "Qəbələ"nin bir neçə oyununa baxdım. Onsuz da, Kaxaber Tsxadadze ilə Birinci Liqada mübarizə apara biləcək komanda və məşqçi yoxdur. Ən güclü üç məşqçi məsələsinə gəlincə, Qurban Qurbanov... Rəşad Abdullayev də avtoritar məşqçidir. Futbola baxış bucağını bir balaca dəyişərsə, rəqabət apara bilər. Üçüncü yer isə hər kəs ola bilər. 

- Son olaraq, Azərbaycan futbolunun ümumi durumu haqda fikriniz necədir? Sizcə, futbolumuzun hazırkı durumdan çıxması üçün nə etmək lazımdır?
- AFFA-nın nizamnaməsində olduğu kimi futbolu kompleks şəkildə inkişaf etdirmək lazımdır. Bildiyimiz kimi, AFFA Azərbaycan futbolunun inkişafına və populyarlaşmasına cavabdeh olan qurumdur. AFFA həqiqətən də 10 illik proqram qəbul etməli və onu mərhələ-mərhələ yerinə yetirməlidir. Öncə, bu müddətdə millilərlə bağlı bütün xərclər minimuma endirilməlidir. Həm də Premyer Liqanın modeli, Gürcüstandakı kimi olmalıdır ki, gənc futbolçularımız xaricə axın etsinlər. Limit mütləq ləğv edilməlidir. Bölgələrdə futbol akademiyaları qurulmalı, ciddi proqramla işləməlidirlər. Milli futbol akademiyası qurulmalıdır. Orada 8-14 yaş oyunçuların olması ilə bağlı baza əsasları qoyulmalıdır. Əgər bu yaşa qədər baza əsasları qoyulmayıbsa, “onu buraxın daha futbolçu olmaz”. Olsa da, yarımçıq. Nizami Gəncəvi demişkən “kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçıdan!”.

0