Bəxtiyar Musayev: "Neftçi" indi çox istəklidir" - MÜSAHİBƏ
16.02.2025 - 15:48
Bəxtiyar Musayev: "Neftçi" indi çox istəklidir" - MÜSAHİBƏ

“Neftçi”nin veteran futbolçusu Bəxtiyar Musayev apasport.az saytına müsahibə verib.

- “Neftçi”nin son matçlarda oyun cəhətdən artırdığını düşünürsüz? Komanda dominant futbol sərgiləyir?
- "Neftçi" köklü, tarixi olan klubdur. Əvvəlki kimi dominant futbol oynadığını hələ əminliklə demək olmur. Baş məşqçi də dəfələrlə təkrarlayıb ki, buna zaman lazımdır. Ümid edirik ki, bundan sonrakı matçlarda oyunlarını daha da yaxşılaşdırarlar. Bizim də istəyimiz odur ki, "Neftçi" yenidən öz əzəmətini qaytarsın və bundan sonrakı vaxtlarda çempionluq uğrunda yarışlara qoşula bilsin. İndi tam dominant futbol oynamasa da, istək və qələbə əzminin yüksək olduğu görünür.

- “Neftçi" "Kəpəz"lə kubok oyununu da saysaq, ardıcıl 3 oyundur qalib gəlir. Sizcə, komanda hansı meyarlara görə qalibiyyətlər əldə edir?
- Bəli, ardıcıl üç oyundur qalib gəlirlər. Burda əsas olan istəkdir. Komandanın qalib gəlmək hissi olduqca yüksəkdir. Hətta son görüş dramatik keçdi. "Zirə" ilə görüşdə önə keçdilər, sonra qol buraxdılar və ardınca yenə qol vurdular. Bu da onu göstərir ki, "Neftçi"nin qələbə qazanmaq əzmi olduqca yüksəkdir. Komanda mövsümün əvvəllərinə baxanda, indi çox istəklidir. Bu da onlara qələbə qazanmaqda yardımçı olur.

- “Neftçi" hazırda lider “Qarabağ”dan 29 xal geridədir. Sizcə nəyə görə “Neftçi” və “Qarabağ” arasında bu sezon xal fərqi bu qədərdir?
- Çempionatın startı "Neftçi" üçün çox uğursuz alındı. Baş məşqçi ilə yollar ayrıldı, Roman Qriqorçukun seçdiyi futbolçular var idi. O nəticəni əldə etmədikdə, klub baş məşqçi dəyişikliyinə getdi. Çox xallar itirildi. Halbuki çempionatın əvvəlində tam başqa mənzərənin olacağını düşünürdük. Ən böyük problem öncəki baş məşqçinin dönəmindəki uğursuz nəticələr və onun istəyilə gətirilmiş futbolçuların özlərini doğrultmamaları idi. Roman Qriqorçuk bir sıra qalmaqallarla da yadda qaldı. Bunların hamısı öz təsirini göstərdi ki, indi "Qarabağ"la xal fərqi böyükdür. 29 xal çox böyük fərqdir. Çempionatın əvvəli böyük ölçüdə problemlərlə başladığına görə, xal fərqi də bu həddə çıxdı. 

- Bu gün Azərbaycan derbisi yaşanacaq. "Neftçi" "Qarabağ"la qarşılaşacaq. Bu matç haqda fikrin necədir? Səncə, "Neftçi" "Qarabağ"ı məğlub edə bilər?
- Hamımızı bu oyunu böyük səbirsizliklə gözləyirik. Ölkənin iki böyük, köklü klubu qarşılaşacaq. Hər iki komandaya uğurlar arzulayıram ki, çox maraqlı və bolqollu, gözəl oyunun şahidi olaq. "Neftçi" son oyunlarda çox istəklidir. Futbolçular hər qarış uğrunda sona qədər mübarizə aparırlar. Xallar da qazanırlar. "Qarabağ"la oyun "Neftçi" üçün asan olmayacaq. "Qarabağ"ın çox rahat qələbə qazanacağını da əminliklə demək olmaz. Bəli, "Qarabağ" heyət və oyun vaxımından üstün durumdadır. Ümid edirik ki, hər iki komandanın ifasında gözəl oyuna şahidlik edərik. Hər iki komandaya uğurlar arzulayıram. "Neftçi" "Qarabağ"ı məğlub etmək üçün daha çox güc sərf etməlidir. Əvvəlki matçlara nisbətən ikiqat istəkli olmadılar. Ancaq bu cür "Qarabağ"la matçda xal almaq olar. Lakin təbii ki, onlar heyət və oyununa görə indiki durumda "Neftçi"dən üstün vəziyyətdədir.  

- “Neftçi” 4 ildir “Qarabağ”a qalib gələ bilmir. Mümkündür ki, "Qarabağ" "Neftçi"yə çempionluq matçını uduzduqdan sonra onlara bir oyunda belə, xal itirmək istəmir?
- Düzdür, "Qarabağ"da "Neftçi"yə o çempionluq matçını uduzduqdan sonra bəlkə də, xüsusi motivasiya var. Komandanın içində deyiləm, dəqiq bilmirəm. Halbuki "Qarabağ" hər bir komandaya qarşı istəkli olur. Bəlkə "Neftçi" ilə görüş, məğlub olduqları oyun futbolçularına yadlarına düşür və daha da məsuliyyətli, daha da aqressiv olurlar. Ola bilər ki, onun müqabilində neçə illərdir qalib gəlirlər. Dəqiq olanı futbolçuların özləri deyə bilərlər. Görünən mənzərə odur ki, "Neftçi" 4 ildir "Qarabağ"ı məğlub edə bilmir. "Neftçi" kimi böyük klub üçün yaxşı hal deyil. Mənzərə budur. "Qarabağ" 4 ildir "Neftçi"ni məğlub edir, uduzmur. Bəlkə də futbolçularda xüsusi motivasiya olur, amma dəqiq bilmirəm.