Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatının 6-cı günü geridə qalıb.
Apasport.az saytının məlumatına görə, bir gün öncə mübarizəyə qoşulan 5 yunan-Roma güləşçimiz medal üçün yarışıb.
Pəhləvanlarımızdan Eldəniz Əzizli karyerasında ikinci dəfə qitə birinciliyinin qalibi olubsa, komandamız daha 1 gümüş, 2 bürünc medal qazanıb.
Milli üzvlərindən Eldəniz Əzizli (55 kq) finalda gürcüstanlı Nuqzari Tsurtsumia ilə qarşılaşıb. 4 illik fasilədən sonra Avropa çempionatının finalına yüksələn Əzizli rəqibini 8:2 hesabı ilə məğlub edərək, ikinci dəfə qitə çempionu olub. Ona mükafatı Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Dünya Güləş Birliyinin Büro üzvü Namiq Əliyev və Azərbaycan Respublikasının Macarıstandakı səfiri Tahir Tağızadə təqdim edib.
63 kq çəki dərəcəsində mübarizə aparan Taleh Məmmədov da ikinci dəfə AÇ-nin finalında güləşmək hüququ qazanıb. Ötən il gümüş mükafata sahib çıxan Məmmədov da həlledici dueldə gürcüstanlıya rəqib olub. Leri Abuladze ilə üz-üzə gələn Taleh komanda yoldaşından fərqli, qalib gələ bilməyib. 1:3 hesabı ilə məğlub olan 33 yaşlı pəhləvan yenə gümüş medalla kifayətlənib.
Bir gün əvvəl 1/4 finalda məğlub olan Sənan Süleymanov (77 kq) təsəlliverici görüşdə Mantas Sinkeviçyusu (Litva) məğlub edib – 8:0. O, 3-cü yer uğrunda Per Albin Olofssondan da güclü olub. İsveç idmançısını 5:0 hesabı ilə üstələyən Süleymanov bürünc mükafata yiyələnib.
İslam Abbasov (87 kq) da xalçaya bürünc medal qazanmaq üçün çıxıb. 26 yaşlı pəhləvan bolqarıstanlı Yohan Danielov Dimitrovu 5:1 hesabı ilə məğlub edərək, Avropa üçüncüsü adına layiq görülüb.
Ən ağır çəkidə ölkəmizi təmsil edən Beka Kandelaki (130 kq) də üçüncü yer uğrunda yarışıb. O, son duelində Dariuş Attila Viteklə görüşib. Bu cütlükdə isə Macarıstan idmançısı 4:1 hesablı qələbə qazanaraq, bürünc mükafata sahib çıxıb.
Qeyd edək ki, bu gün mübarizəyə qoşulan güləşçilərimizdən Rafiq Hüseynov (82 kq) sabah final görüşünə çıxacaq, Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq) və Murat Lokyayev (97 kq) isə bürünc medal qazanmağa çalışacaq.
- III MDB Oyunlarının Təşkilat Komitəsinin tərkibində dəyişiklik edilib - Sərəncam
- Azərbaycan Karate Federasiyası "Apasport" İdman Agentliyini mükafatlandırıb
- Qılıncoynadanımız Estoniyada bürünc medal qazanıb
- İdmançılarımız İtaliyada keçirilən Dünya Kubokunda iştirak ediblər
- Snoubord yarışı üzrə Heydər Əliyev Kuboku keçirilib