Avropa çempionatı: Daha 3 medal şansı
29.03.2022 - 20:18
Avropa çempionatı: Daha 3 medal şansı

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatı davam edir.

Apasport.az saytının məlumatına görə, yarışın ikinci günündə xalça üzərinə çıxan 5 güləşçimizdən 3-nün medal şansı davam edib.

Onlardan biri finala yüksəlib, ikisi isə bürünc medal üçün mübarizə aparacaq.

Turan Bayramov (74 kq) 1/8 finalda bolqarıstanlı Ali Umarpaşayevə qalib gəlib - 4:3. Bayramov 1/4 finalda estoniyalı Aymar Andruseni tam üstünlüklə (10:0) məğlub edib. Turan yarımfinalda son Avropa çempionu və dünya ikincisi Taymuraz Salkazanova (Slovakiya) 2:8 hesabıyla məğlub olub. Həmyerlimiz bürünc medal uğrunda Kamil Ribiçki (Polşa) - Zurab Kaprayev (Rumıniya) görüşünün qalibiylə güləşəcək.

Abubakr Abakarov (86 kq) 1/8 finalda moldovalı Denis Balaura vaxtından əvvəl qalib gəlib - 12:1. Abakarov 1/4 finalda latviyalı İvars Samusonoksa da heç bir şans tanımayıb - 7:0. Abubakr yarımfinalda polşalı Sebastyan Yejierjanskini 4:2 hesabıyla məğlub edərək Avropa çempionatının finalına yüksələn 5-ci güləşçimiz olub. Abakarov həlledici görüşdə San Marino təmsilçisi Miles Nazim Aminlə mübarizə aparacaq.

Yarışa 1/4 finaldan start verən Osman Nurmaqomedov (92 kq) polşalı Radoslav Marçinkieviçi tam üstünlüklə (10:0) yolundan kənarlaşdırıb. Millimizin üzvünün yarımfinalda Bolqarıstan təmsilçisi Ahmed Batayevlə görüşü dramatik alınıb. Qələbəni son saniyədə sonuncu xal prinsipinə əsasən (4:4) əldən verən Osman bürünc medal uğrunda ispaniyalı Damian İqlesias Vilelayla güləşəcək.

Digər güləşçilərimizdən İslam Bazarqanov (61 kq) və Aydın Əhmədov (125 kq) 1/4 finalda rəqibinə məğlub olub.

Qeyd edək ki, bu çəkilərdə medal görüşləri sabah Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

0