Namiq Abdullayev: “4 finalçıdan qızıl medal gözləyirdik”
01.04.2022 - 10:50
Namiq Abdullayev: “4 finalçıdan qızıl medal gözləyirdik”

“Bu qələbə münasibətilə xalqımızı, cənab prezident İlham Əliyevi və 1-ci vitse-prezident Mehriban Əliyevanı, Milli Olimpiya Komitəsini, Gənclər və İdman Nazirliyini və Güləş Federasiyasını təbrik edirəm”.

Apasport.az saytının Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən məlumatına görə, bunu sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçi Namiq Abdullayev Macarıstanda keçirilən Avropa çempionatındakı çıxışla bağlı danışarkən deyib.

O, bir neçə gün əvvəl U-23 yığmasının da Avropa çempionatında komanda hesabında çempion olduğunu xatırladıb: “Həmin yarışdan sonra cənab Prezident bütün heyəti qəbul etdi. Təbriklərini çatdırdı, tövsiyələrini verdi. Əlbəttə, bu, idmançılar üçün böyük stimul oldu. Onun diqqət və qayğısını daim hiss edirik. Bu yarışda da heyətdə gənc güləşçilər yer almışdı. Bolqarıstanda medal qazanan idmançılardan Zirəddin Bayramov, Əşrəf Aşırov və Aydın Əhmədov böyüklərin qitə birinciliyində də iştirak etdi. Zirəddini bu dəfə çempion olduğu 65 kq-da yox, 70 kq-da sınadıq. Zədəsi və hakimlərin qeyri-obyektivliyi onu medalsız qoydu. Əşrəf gümüş medal qazandı. Hətta çempion da ola bilərdi. Aydın da bir mərhələ keçməklə komandanın hesabına xallar yazdı”.

Namiq Abdullayev finala yüksələn güləşçilərdən qızıl medallar gözlədiklərini də etiraf edib: “4 finalçımızdan qızıl medal gözləyirdik. Əliabbas Rzazadənin (57 kq) final görüşündə də hakim səhvi oldu. Hacı Əliyev (65 kq) toplanışlara bir qədər gec qoşuldu. Ona görə də pik formada deyildi. Maqomedxan Maqomedov (97 kq) ilk dəfə Avropa çempionatında ölkəmizi təmsil edirdi. Bütün görüşləri inamla keçirdi. Təcrübəli güləşçilərə qalib gəldi və gələcək adına ümid verdi”.

Baş məşqçi Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarova, həmçinin vitse-prezident, Dünya Güləş Birliyinin Büro üzvü Namiq Əliyevə təşəkkürünü bildirib: “Eyni zamanda böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin də böyük zəhməti var. Təbii ki, yeniyetmə və gənclərdən ibarət yığmalarımızın məşqçilərinin əməyini də unutmaq olmaz. Təlim-məşq toplanışlarında, yarışlara hazırlaşarkən vahid bir komanda kimi işləyirik. Qarşıda bizi İslam Həmrəyliyi Oyunları və dünya çempionatı gözləyir. Ona qədər İtaliyada keçiriləcək reytinq turnirində də əsas heyət üzvlərinin iştirakı nəzərdə tutulub. Bu yarışlara hazırlıq məqsədilə müxtəlif yerlərdə təlim-məşq toplanışarı keçməyi planlaşdırırıq”.

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatında 1 qızıl, 4 gümüş və 2 bürünc medal qazanıb.

0