
Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə bir sıra yeniliklər olacaq.
Apasport.az xəbər verir ki, bu barədə jurnalistlərə Peşəkar Futbol Liqasının (PFL) Texniki-idman direktoru Elgiz Abbasov məlumat verib.
Onun sözlərinə görə, əsas dəyişikliklər çempionatın formatı, iştirakçı komanda sayı və legioner limiti ilə bağlıdır: “Bu mövsümdən etibarən Premyer Liqada 12 komanda mübarizə aparacaq. Ötən ildən fərqli olaraq, çempionat 3 dövrədən ibarət olacaq. Nəticədə komandaların ev və səfər oyunlarının sayında balans qorunur. Legioner limiti məsələsində də dəyişiklik var. Əgər ötən mövsüm bu limit 7+4 idisə, yeni mövsümdə limit tamamilə ləğv olunub. Rüsumlarla bağlı da dəyişiklik edilib, bu barədə artıq ictimaiyyət məlumatlıdır”.
Elgiz Abbasov çempionatda iştirak edən bəzi klubların infrastruktur problemlərinə də toxunub: “Futbol hər zaman yenilik sevən idman növüdür. Biz də artıq bəzi dəyişikliklərə imza atmışıq. Bəzi klubların infrastrukturla bağlı çətinlikləri var. Məsələn, daha əvvəl “Karvan” və “İmişli”nin stadionlarına baş çəkmişdik. Oradakı vəziyyət nəinki Premyer Liqa, hətta həvəskar səviyyədə futbol üçün belə yararlı deyildi. Lakin sevindirici haldır ki, artıq hər iki klub təmir işlərinə start verib”.
O, stadionlarla bağlı məsələnin PFL üçün xüsusi önəm daşıdığını da əlavə edib: “Çempionatın başlamasına bir ay qalmış biz klublardan stadionla bağlı məlumat təqdim etmələrini istəyirik. Hazırda 4 stadionda problem mövcuddur. “Turan Tovuz”un stadionunda təmir işləri iyulun 20-dən başlayacaq. Bu müddətdə klub ev oyunlarını “Azersun Arena”da keçirəcək. Düzdür, bu, Tovuz azarkeşləri üçün üzücü bir haldır. Ancaq bu, infrastruktur baxımından irəliyə atılmış bir addımdır. Gələcəkdə komanda təbii ot örtüyündə oynaya biləcək”.