Elvin Məmmədov: "Ən azından baxardı ki, milli komandamıza kömək olacaq, ya yox"
04.09.2025 - 15:22
Elvin Məmmədov: "Ən azından baxardı ki, milli komandamıza kömək olacaq, ya yox"

Azərbaycan millisinin sabiq futbolçusu Elvin Məmmədov Apasport.az saytına müsahibə verib.

- Azərbaycan milli komandası İslandiya önünə çıxacaq. Necə düşünürsən, yığmamız bu görüşdə uğurlu nəticəyə ümid edə bilər?
- Hər şeydən əvvəl millimizə uğurlar arzu edirəm. İnanıram ki, komandamız Azərbaycan xalqını qələbə ilə sevindirər. Yığma komandamıza inanmalıyıq. Ümidvaram ki, hər şey yaxşı alınacaq.

- Daha çox müzakirə olunan mövzu odur ki, legioner limitinin ləğvindən sonra yerli futbolçulara çox da şans verilmir. Məhz bu məqam millinin nəticələrinə təsir edə bilər?
- Əlbəttə ki, təsiri olacaq. Hər bir futbolçumuz oyun praktikasından əziyyət çəkəcəksə, bu da millimizin oyununa da biruzə verəcək. İstənilən halda, yaxşı olacağına inanıram.

- Səncə, bu tsikl Fernandu Santuş üçün sonuncu sınaq və şans ola bilər? Yoxsa, istənilən halda ona güvənməyə davam etmək lazımdır?
- Bu mövzuda rəhbərlik daha yaxşısını bilir. Yəni, davamı olacaq, yoxsa gedəcək, məsələsinə rəhbərlik qərar verəcək.

- Santuşun milli üçün futbolçu seçimləri də hər dəfə, xüsusən də bu dəfə müzakirə edildi. Bu mövsüm yerlilər arasında daha çox oynayan Mehdi Cənnətovu dəvət etmədi, Xorvatiya liqasında çıxış edən Rüfət Abdullazadəyə dəvət göndərmədi. Səncə seçimlər ədalətli aparıldı?
- Hər baş məşqçinin seçimləri var. Bu da Fernandu Santuşun seçimidir. Amma Rüfət Abdullazadə milli komandamıza dəvət edilməli idi. Ən azından baxardı ki, milli komandamıza kömək olacaq, ya yox.

- Milli İslandiya və Ukrayna ilə ümumi iki matçdan neçə xal toplaya bilər və neçə xal yığsa, qənaətbəxşdir?
- Bizim hər bir xala ehtiyacımız var. Belə rəqiblərə qarşı qazanılan xal və ya xallar daha dəyərli olur. Öncədən proqnoz vermək istəmirəm, amma ümid edirəm ki, milli komandamız layiqli mübarizə aparacaq və hər şey yaxşı nəticələnəcək.