Kurban Berdiyev: “Paltardəyişmə otağında uşaqlarla danışdım ki…”
10.03.2025 - 21:35
Kurban Berdiyev: “Paltardəyişmə otağında uşaqlarla danışdım ki…”

Azərbaycan Premyer Liqasının XXVI turunun “Neftçi” – “Turan Tovuz” oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Kurban Berdiyev jurnalistlərin suallarını cavablandırdı.

Apasport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:

"Paltardəyişmə otağında uşaqlarla danışdım ki, Hakmana görə mübarizə aparsınlar. Oyunda səhvə yol verdilər. Ancaq uşaqlar onun üçün oynadılar, sona qədər mübarizə apardılar. 10 nəfərlə qalsaq da, müdafiədə ağıllı və müdrik oynadılar. "Neftçi"yə elə də qol imkanı verilmədi".

- Demək olar ki, oyunun ədalətli nəticəsi bərabərlik idi?
- Bəli, belə hesab etmək olar. Oyunun gedişatına baxanda bunu görmək mümkündür.

- Demək olar ki, oyunun əsas qəhrəmanı qolkiperinizdir?
- Xeyr, təkcə o yox. Bütün komanda bu gün mübarizə apardı.

- Neçənci  dəfədir ki, komandanız xarakter göstərir və son dəqiqələrdə qol vurur. Komandanızla fəxr edirsiz?
- Komanda istər-istəməz 6 ay ərzində formalaşmır. Amma gördüyüm qədərilə futbolçularda xarakter var. Ümumi gedişat da bizi sevindirməyə əsas verir. Müəyyən vaxt lazımdır.