Mahir Emreli: "Mənə qarşı təzyiq çoxdur"
15.10.2024 - 10:38
Mahir Emreli: "Mənə qarşı təzyiq çoxdur"

Azərbaycan millisinin futbolçusu Mahir Emreli UEFA Millətlər Liqasında Slovakiya ilə oyundan sonra azarkeşlərə müraciət edib.

Apasport.az xəbər verir ki, Bundesliqa 2 təmsilçisi “Nürnberq”in formasını geyinən hücumçu fanatların dəstəyinin vacib olduğunu vurğulayıb.

Slovakiya ilə oyunda qırmızı vərəqə ilə cəzalandırılan Emreli daha çox məşq və inkişaf etməyə çalışacağını bildirib:

“Hörmətli azarkeşlər, ilk öncə dəstəyinizə görə təşəkkür edirəm. Hər biriniz içimdə olan vətən, bayraq sevgisini yəqin ki, bilirsiz. Uşaq yaşlarımdan müxtəlif yaş qruplarında oynamışam və uzun müddətdir ki, milli komandanın üzvüyəm. Bəzən içimdəki qalib olmaq istəyi həddindən artıq çox olur. Bu istəyi oyunumda hər zaman göstərmək istəmişəm. Bəzən alınır, bəzən isə yox. Futbol saniyə oyunudur. Elə olur ki, qol vurmaqdan çox, bəzən qolun qarşısını da almaq lazım olur və epizod vərəqə ilə nəticələnir. Durum nə qədər əleyhimə görünsə də, inanıram ki, futbol azarkeşləri məni başa düşür. Təbii ki, tənqid qaçınılmazdır və mən sağlam tənqidə hər zaman açığam. Bir də bilirəm ki, uman yerdən küsərlər, ona görə mənə qarşı olan istəyiniz və təzyiqiniz çoxdur. Bu məni qorxutmur, əksinə, sevindirir. Məni daha yaxşı olmağa, daha çox məşq etməyə və daha çox inkişaf etməyə sövq edir. Ümid edirəm ki, qarşıdakı oyunlarda qollarımla sizi sevindirəcəm. Tənqidiniz də, sevginiz də, dəstəyiniz də mənim üçün çox dəyərlidir!”

Dünən Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən Azərbaycan – Slovakiya matçı qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Emreli görüşün 70-ci dəqiqəsində qırmızı vərəqə ilə cəzalandırılıb.

0