Miro Varvodiç: “Mahir Emreli haqda ilk günkü fikrim hələ də dəyişməyib"
23.05.2024 - 17:11
Miro Varvodiç

Azərbaycanda legioner həyatı yaşamış, “Hayduk”, “Köln” və “Qarabağ” kimi komandaların qapısını qorumuş xorvatiyalı Miro Varvodiç apasport.az saytına açıqlamasında milli komandamızın hücumçusu, “Dinamo”da (Zaqreb) şans tapmayan Mahir Emrelinin durumu barədə danışıb.

Təcrübəli qolkiperin fikrincə, Emreli Zaqreb klubundan ayrılmalıdır: “Mahir Emreli haqda ilk günkü fikrim hələ də dəyişməyib. Mənə görə, o, yaxşı futbolçudur. Lakin oynamır. Amma o oynamalıdır. Mahirin yaşı elədir ki, yalnız oynamaq lazımdır. Əgər “Dinamo”da oynamırsa, o zaman Mahir oynayacağı, inkişaf edəcəyi klub tapmalıdır. Futbol həyatıdır da, ola bilər ki, hansısa klubda şans verilməsin, oynamayasan, başqasında hər şey daha gözəl olsun. İndi onun əvəzinə Kulenoviç gəlib. O, bir neçə vacib qollar vuracaq. Vəssalam. Mahirə şans verilməməsinə gəlincə, əslində, hər yerdə belədir. Əgər xorvatiyalı futbolçu Mahir kimidirsə, o zaman elə xorvatiyalıya şans verilir. Dünyanın hər yerində belədir də. Yerli futbolçuya daha çox şans verilir. Azərbaycanda da belə olduğunu düşünürəm. Məsələn, azərbaycanlı futbolçu gəlmə oyunçu ilə eyni tempdə oynayırsa, yerli futbolçu meydana çıxır. “Dinamo”dakıların hamısı yaxşı futbolçulardır”.

Qeyd edək ki, Mahir Emreli ötən yay Türkiyənin "Konyaspor" klubundan "Dinamo"ya keçib. O Zareb klubunun forması ilə bütün turnirlərdə 23 matça çıxıb, 5 qol, 5 ötürmə ilə yadda qalıb. 

0