
"Çətin oyun oldu. Oyuna həyəcanlı başladıq. "Zirə" bizi ilk fürsətdə cəzalandırdı. İkinci hissədə oyuna daha çox nəzarət edirdik. Hesabı bərabərləşdirdik, şanslarımız da var idi. Nəticədən razıyam".
Apasport.az xəbər verir ki, bunu "Hayduk"un baş məşqçisi Qonsalo Qarsiya UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə"ylə ilk matçdan sonra mətbuat konfransında deyib.
İspaniyalı mütəxəssis "Zirə"nin təhlükəli rəqib olduğunu bildirib:
"Uzun müddətdir eyni baş məşqçi ilə çalışırlar. Komanda çox təhlükəli rəqibdir. Müdafiədən hücuma keçidlərdə yaxşıdır, təzyiq göstərirlər, keyfiyyətli oyunçuları var. Qələbə qazanmağa çalışacağıq ki, penaltilərə getməsin. Bizim də özümüzün oyun üslubu var. Bugünkü oyunda da bəzi anlarda o üslubu göstərdik. İstəyirik ki, hər zaman oyuna nəzarət edək. Bu, tək "Zirə"yə qarşı deyil, bütün rəqiblərlə oyundadır. Ümid edirik ki, növbəti görüşdə qələbə qazanacağıq".
Qeyd edək ki, "Zirə" - "Hayduk" görüşü 1:1 başa çatıb.