Ramin Quliyev: “Neftçi” – “Qarabağ” görüşündə heç-heçə ədalətli hesab olardı"
17.02.2025 - 16:56
Ramin Quliyev: “Neftçi” – “Qarabağ” görüşündə heç-heçə ədalətli hesab olardı"

Azərbaycan millisinin və “Neftçi”nin sabiq futbolçusu Ramin Quliyev apasport.az saytına müsahibə verib.

- “Neftçi” "Qarabağ"la görüşdə pis təsir bağışlamasa da, sonda meydanı məğlub tərk etdi. Səncə, nəyə görə "Neftçi" rəqibinə bu dəfə də uduzdu?
- Çox maraqlı oyun oldu. İlk dəqiqələrdən “Neftçi daha istəkli görsənirdi, oyuna yüksək pressinqlə başlamışdılar. Kevina Medinanın qırmızı vərəqə alaraq meydandan çıxması isə oyunu dəyişdi. Çünki artıq “Neftçi” daha çox hücüm etməli idi. Baxsaq, “Neftçi”də hücum xəttində o kreativliyin olmaması, oturmuş rəqibə qarşı hücumlar qurmaqda çətinlik törətdi. Amma ən azından “Neftçi” – “Qarabağ” görüşündə heç-heçə ədalətli hesab olardı.

- Özü də, "Qarabağ" matçın böyük hissəsini meydanda azlıqda keçirdi. "Neftçi" 10 nəfərlə qalmış "Qarabağ"ı da məğlub edə bilmirsə, səncə, bunun üçün nə lazımdır?
- Bəli, bu dəfə də “Neftçi” uduzdu. Ancaq “Neftçi” də oyun baxımından yaxşılığa doğru dəyişiklik var. Bunu görmək mümkündür. Komanda daha inamlı görünür. Sadəcə komandaya yaxşı hücumçular lazımdır. Keyfiyyətli, qol duyumu yüksək.

- Samir Abasov matçdan sonra mətbuat konfransında bildirdi ki, rəqib 10 nəfərlə qaldıqdan sonra sanki rahatlaşdıq və oyun planımız da pozuldu, çünki 11 nəfərə qarşı hazırlaşmışdıq. Səncə, 10 nəfərlə qalan rəqibə qarşı etmək istədiklərini etmək daha da asan olmaz? Yoxsa, "Neftçi" ikinci nömrə kimi "Qarabağ"a qarşı nəsə edə bilərdi, Abasov da onu nəzərdə tutur?
⁠- Bəli, “Qarabağ”ın 10 nəfərlə qalması “Neftçi”nin də planları pozdu. “Qarabağ”a qarşı bir nömrə kimi oynamağa keyfiyyətli və kreativ futbolçular lazımdı. Bugünkü gündə “Neftçi”də o cəhətdən zəiflik var. 

- "Neftçi" sonuncu dəfə 4 il bundan qabaq "Qarabağ"ı məğlub edə bilmişdi. O vaxtı da "Qarabağ"ı udub son turda çempion olmuşdular. Deyəsən ondan sonra "Qarabağ" “Neftçi”yə heç cürə uduzmaq istəmir...
- “Neftçi”də geridə qalan 4 il ərzində çox dəyişikliklər olub. Bu da komandanın formalaşmasına ciddi ziyan vurdu. Vaxt itkisi də yaşandı. Qarşıdakı sezon keyfiyyətli legionerlərin gəlişi yəqin ki, “Neftçi”ni dəyişəcək.

- Ümumiyyətlə, "Neftçi" “Qarabağ”la matçdan əvvəl 3 oyun idi ki, qalib gəlirdi, sanki işlər qaydasına düşürdü. Səncə, "Qarabağ"a uduzduqdan sonra yenə də psixoloji problem, komandanın performansında eniş yaşanacaq? 
- Təbii ki, bu üç oyunun qələbələri “Neftçi”yə özünəinam gətirib. Elə bunu “Qarabağ”la matçda da gördük. İnanmıram ki, eniş olsun. Çünki artıq çempionatda əlavə təzyiq olmayacaq, xal fərqi yetərincədir. Amma kubokda bu psixoloji təsir ola bilər. Çünki “Neftçi” üçün avrokuboklara yollanmağın ən real yolu kuboku qazanmaqdan keçir. 

- Sizcə, komandaya yeni gələnlərdən diqqətçəkən legioner hansıdır?
- ⁠Hələ ki, bu görünmür. Sadəcə onu qeyd edə bilərəm ki, Emin Mahmudov özünə qayıdır. Ervin Koffini qeyd edə bilərəm. Emil yaxşı mənada artırır. Qalanları hələ ki qeyri-stabil görünür. Fikrimcə, yeni sezona kifayət qədər oyunçu lazımdır. Xüsusən də, hücum xəttinə.

Misli Premyer Liqası Müsahibə