Rəşad Sadıqov: “Vacib qalibiyyət əldə etdik”
15.02.2025 - 22:00
Rəşad Sadıqov: “Vacib qalibiyyət əldə etdik”

Misli Premyer Liqasının XXIII turunun “Sumqayıt” – “Zirə” matçından (0:3) sonra qonaqların baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib.

"Matça ciddi hazırlaşmışdıq. "Sumqayıt"ın müqavimət göstərəcəyini bilirdik. Əslində, matça hazırlaşmaq üçün vaxtımız da çox deyildi. İtkilərimiz də var idi. Görüşün çətin olacağını bilirdik. Birinci hissə gərgin mübarizə gördük. İki qol vurduq deyə, fasilədən sonra hardasa rahat oldu. Hər halda, vacib qalibiyyət əldə etdik. Qarşıda oyunlarımız olacaq. Vacib matçlardır. Hazırlaşacağıq".

- "Sumqayıt"la görüşlərdə qələbələr qazanırsız. Bu komanda sizin xal mənbəyinizdir?
- Qalibiyyət baxmayaraq, ciddi müqavimət gördük. Deyim ki, son dövrlərin ən stressli rəqibi ilə oynadıq. "Sumqayıt" yaxşı komandadır, heyətində yaxşı futbolçuları var. Bilirdik ki, formamızdan bir az aşağı olsaq, çətinlik yaşayacağıq. Futbolçular bu oyunun məsuliyyətini yaxşı başa düşürdü. 

- Salifu Sumanın xidmətində maraqlı olan klublar var. Onu komandada saxlaya biləcəksiz?
- Futboldur da, vəziyyəti doğru dəyərləndirmək lazımdır. Başımızı aşağı salıb, işimizi görürük. Klub və futbolçu üçün xeyirlisi nədirsə, o da olsun. Digər futbolçularımız üçün də təkliflər gəlib. Amma indi qarşıdakı matçlar haqda fikirləşirik.

- "Neftçi" ilə görüşü təhlil edib, nəyisə fərqli edərdim düşünmüsüz?
- “Neftçi” ilə matç bərabərə gedirdi. Qola qədər təhlükəli epizodlar bizdə idi. 88-ci dəqiqəyə qədər ədalətli nəticə bərabərlik idi. “Neftçi”nin standart vəziyyətlərdə təhlükəli olduğunu bilirdik. Belə epizoddan sonra məhz qol buraxdıq. Hər şey bundan sonra başladı. Bütün güclə hücuma atılıb, qol vurduq. Bəlkə də, bu, qələbəyə bərabər olacaqdı. Ancaq sanki oyunçular matçın bitdiyini düşündü. Bundan sonra rəqib yenə qol vurdu. Matçdan sonra uşaqlarla danışdıq və bu oyundan dərs çıxarmalı olduğumuzu bildirdik. Rəqibin qələbə qolunda zəncirvari səhvlər etdik. Məyusedicidir, amma oyundan sonra qənaətə gəldim ki, bu məğlubiyyətin bizimçün faydası olacaq. Bu gün də ilk dəqiqədən sona qədər intizamı qoruduq. Ötən oyundakı qol bizi daha böyütdü.

- Bu mövsüm "Zirə" daha çox qol vurur. Oyun planında nəsə dəyişmisiz?
- Müəyyən dəyişikliklər oldu. Amma indi detallar haqda danışmaq istəmirəm. Ötən il çoxsaylı epizodlarını qaçırırdıq. Bir ara uğursuz seriya da oldu. Qol vura bilmədiyimiz oyunlarda hücumlarımız çox idi. Bütün komponentlərdə inkişaf etməyə çalışacağıq.