
“Neftçi”nin sabiq qapıçısı Vladimir Miçoviç Apasport.az saytına müsahibə verib
- “Neftçi” son mövsümdə uğursuzluq yaşadı. Nə çempionatda, nə də ölkə kubokunda istədikləri nəticəni qazana bildilər. Yəqin ki, artıq nəticə qazanmağın vaxtı çatıb?
- Əlbəttə, hər zaman olduğu kimi “Neftçi”ni izləyirik. Nəticələr də, hər mövsümdə olduğu kimi olur: uğursuzluq. İnanın, hələ də başa düşmürəm ki, komandada nə baş verir, niyə alınmır və nə qədər belə olar axı?
- "Neftçi" bir çox futbolçusunu göndərdi və yeniləri transfer edildi. Sanki bu mövsüm daha inamlı heyət olduğu hiss edilir. Samir Abasov da baş məşqçi postunda qalıb. Bu mövsüm “Neftçi” nəticə verə bilər?
- Baş məşqçi postunda dəyişiklik edilməməsi, Samir Abasovun vəzifəsində qalması doğru qərar oldu. Onun istədiyi nəticələri verə bilməsi üçün daha keyfiyyətli futbolçulara ehtiyacı var. Samir Abasova minimum 2-3 il müddətində baş məşqçi kimi işləmək imkanı verilməlidir. Hər mövsüm futbolçuların keyfiyyətini və komandanın ümumi səviyyəsini artırmaq vacibdir. Bir mövsüm ərzində komandadan böyük uğurlar gözləmək real deyil. Klubda düzgün və məqsədyönlü proses getməli, ən əsası isə oyunçu seçimi dəqiq və məqsədəuyğun aparılmalıdır.
- “Neftçi”nin “Qarabağ”ın hegemonluğuna son qoyacağına inanırsan? Yoxsa, “Qarabağ”ın sisteminə qarşı bunu etmək çətindir?
- "Neftçi"nin yenidən zirvəyə qayıdacağına inanıram. Lakin bunun bir mövsümdə baş verməsi çətindir. Bu məqsədə çatmaq üçün bir neçə il vaxt və səbir lazımdır. Əgər klub düzgün işləsə və komanda hər il ardıcıl şəkildə gücləndirilsə, bu hədəfə çatmaq mümkündür. Belə olan halda, 3-4 ildən sonra “Neftçi”nin də “Qarabağ” kimi güclü bir komandaya çevriləcəyini düşünmək olar.
- Yeri gəlmişkən, həmyerlin Saşa İliç Azərbaycanda, “Sumqayıt”da işləyəcək. Onun haqda hansı fikirdəsən?
- Bəli, mətbuat vasitəsilə oxudum ki, Saşa İliç “Sumqayıt”da baş məşqçi kimi fəaliyyət göstərəcək. “Sumqayıt”ın ambisiyalı bir klub olduğunu da qeyd etmişdilər. Bu baxımdan, İliçin həmin kluba keçidi mənim üçün sürpriz olmadı. O, futbolçu kimi yüksək səviyyəli idi və əminəm ki, baş məşqçi kimi də eyni uğuru davam etdirəcək. İliç topa nəzarəti sevən, komandasının daha çox topla oynamasına üstünlük verən məşqçidir. Tiki-taka üslubuna yaxın futbol oynatmağı sevir. “Sumqayıt”da da uğurlu olacağına inanıram və ona bu yolda uğurlar arzulayıram.
- Sənin oğlun Novak Miçoviç hazırda MLS-də “LA Qalaksi” klubunun qapıçısıdır. Nə vaxtsa, onu “Neftçi” və ya Azərbaycanın başqa klubunda görmək istəyərdin?
- Novak indi yaxşı səviyyədə futbol oynayır, “LA Qalaksi”nin qapıçısıdır. Digərləri kimi mən də onu top-5 liqa klublarından birində görmək istəyirəm. Düzünü desəm, Novakı nə vaxtsa “Neftçi”nin qapıçısı kimi görmək istəyərdim. Təbii ki, həmin vaxt 'Neftçi'nin çempionluq uğrunda mübarizə aparmasını da çox istəyərdim".