Tarixdə 10-cu, mövsümdə ilk
11.03.2025 - 11:55
Tarixdə 10-cu, mövsümdə ilk

“Sumqayıt” Misli Premyer Liqasının 2024/25 mövsümündə ilk böyükhesablı qələbəsini qazanıb.

Apasport.az xəbər verir ki, bu, XXVI turun “Kəpəz”lə ev oyununa təsadüf edib. Vaqif Cavadovun baş məşqçisi olduğu komanda 3:0 hesabı ilə qalib gəlib.

Bu, klub tarixində Premyer Liqadakı yubiley – 10-cu böyükhesablı qələbədir. Bunlardan 6-sı evdə, 4-ü səfərdə qeydə alınıb.

“Sumqayıt” sonuncu böyükhesablı qələbəsini 2024-cü il aprelin 19-da qazanmışdı. “Gənclik şəhəri” təmsilçisi səfərdə “Turan Tovuz”u 4:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, bu, həm də Cavadovun baş məşqçi kimi Premyer Liqada ilk böyükhesablı qələbəsi olub.