Kadi Borges: “Ən yaxşı oyunlarımızdan birini oynayacağıq”
16.09.2025 - 00:25
Kadi Borges: “Ən yaxşı oyunlarımızdan birini oynayacağıq”

UEFA Çempionlar Liqasının I turunun "Benfika" - "Qarabağ" matçından öncə ağdamlıların futbolçusu Kadi Borges mətbuat konfransında iştirak edib.

Apasport.az xəbər verir ki, o, matçla bağlı fikirlərini bölüşüb:

"Məşqçimizin də bildirdiyi kimi, oyuna tam yaxşı hazırlaşa bilmədik. Lakin biz futbolçular olaraq hazırıq, çünki bizim arzumuz idi burada oynamaq. Ümid edirəm ki, ən yaxşı oyunlarımızdan birini oynayacağıq".

- Heyətinizdə vaxtı ilə Portuqaliyada oynayan bir neçə futbolçu var. Bu amilin sizə "Benfika" ilə matçda köməyi olacaqmı?
- Əslinə qalsa, heyətimizdə Portuqaliyada çıxış edən futbolçular olub, amma əsas liqada oynamayıblar. Ona görə də bu amilin bizə hər hansı bir köməyi dəyəcəyinə inanmıram. Lakin biz illərdir avrokuboklarda oynayırıq və çətin oyunlarda necə davranmaq lazım olduğunu bilirik.

- Bildiyiniz kimi, Qurban Qurbanov 17 ildir komandaya rəhbərlik edir. Artıq "Qarabağ"da bir oyun fəlsəfəsi var. Necə düşünürsüz, bu matçda da eyni fəlsəfəyə sadiq qalacaqsınızmı?
- Həmişə oyun fəlsəfəmizə sadiq qalmışıq. Düşünürəm ki, bu matçda da elə olacaq. Bu, biz futbolçular üçün çox vacibdir.

- Çempionlar Liqasının əsas mərhələsində siz özünüz ilk dəfədir çıxış edəcəksiniz...
- Həmişə bildirmişəm ki, mənim üçün ən önəmli matç növbəti oynayacağımız qarşılaşmadır. Yarışın böyüklüyünü nəzərə alsaq, növbəti matçımızın çox vacib olacağını əminliklə deyə bilərəm. "Benfika"nı yaxşı analiz etdiyimizi düşünürəm. Əlimizdən gələnin yaxşısını etməyə çalışacağıq.