Yelena Şabovta “Əczaçıbaşı”dan ayrıldı
01.06.2010 - 10:01
Yelena Şabovta “Əczaçıbaşı”dan ayrıldı
Voleybol üzrə Azərbaycan yığmasının sabiq üzvü Yelena Şabovtanın Türkiyənin “Əczaçıbaşı” komandası ilə müqaviləsi başa çatıb. Apasport.az saytının məlumatına görə, 2008-ci ildən klubda menecer vəzifəsində çalışan həmyerlimizlə növbəti mövsüm üçün müqavilənin müddəti uzadılmayıb və o, komandadan kənarlaşdırılıb.

2003-cü ildə “Azərreyl”lə “Top-komandalar” kubokunu qazanan Şabovta artıq “Əczaçıbaşı”nın heyəti və rəsmiləri ilə də vidalaşıb: “Çox böyük və hörmət etdiyim klubda çalışdığım üçün özümü xoşbəxt sayıram. Burada hamıya təşəkkür edirəm. İnanıram ki, növbəti mövsümdə “Əczaçıbaşı” uğurlu çıxış edəcək və daha çox titul qazanacaq”.

“Əczaçıbaşı”nın rəhbərinin köməkçisi Erdal Karamercan Yelena Şabovtanı heç vaxt unutmayacaqlarını bildirib. Azərbaycan yığmasının sabiq üzvünün həm voleybolçu, həm də menecer kimi kluba böyük xeyir verdiyini deyən Karamercan Şabovtaya uğurlar arzulayıb: “Sabiq menecerimizin uzun illər voleybolun inkişafı üçün çalışacağına inanıram və ona gələcəkdə uğurlar diləyirəm”.

Qeyd edək ki, Yelena Şabovta 1998-2000-ci illərdə “Əczaçıbaşı”nın formasını geyinib. O, həmin illərdə komandasının Avropa kubokunda 3-cü olmasında böyük pay sahibi olub və İstanbul klubu ilə 2 dəfə Türkiyə çempionu, 2 dəfə Türkiyə kubokunu qazanıb.
0