Yığmamızın sabiq baş məşqçisi klubundan qovuldu
01.06.2010 - 12:28
Yığmamızın sabiq baş məşqçisi klubundan qovuldu
Basketbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Rimas Kurtinaytis Litvanın “Letuvos Ritas” komandasının sükanı arxasından kənarlaşdırılıb. Lent.az-ın “Delfi” agentliyinə istinadən verdiyi məlumata görə, olimpiya çempionu iki il çalışdığı komandadan Litva Basketbol Liqasının qalibi kimi ayrılıb.

Lakin rəhbərlik onun bu nailiyyətini yetərli saymayıb. Kurtinaytis isə rəhbərliyin qərarını təbii qarşılayıb: “Bu, məşqçi həyatının bir hissəsidir. Bəzi qərarlar sərt olur, amma klubun üslubu belədir. Əlbəttə, məşqçi üçün məğlubiyyətdən sonra deyil, qələbənin ardından dəyişdirilməsi xoş olaydır. Mən Rusiyanın Perm şəhərində və Azərbaycanda da işləmişəm. Şəxsi təcrübəmdən deyərdim ki, komandanı inkişaf məqsədilə dəyişdirmək lazımdır”.

Hazırda heç bir klubla danışıq aparmadığını deyən 50 yaşlı mütəxəssis bir neçə təklif aldığını bildirib.

Qeyd edək ki, Rimas Kurtinaytis 2002 – 2006-cı illərdə Bakının “Qala” klubunun və Azərbaycan milli komandasının baş məşqçisi kimi çalışıb.
0