“Azərreyl”in baş məşqçisi Türkiyəyə qayıtdı
03.06.2010 - 13:12
“Azərreyl”in baş məşqçisi Türkiyəyə qayıtdı
Voleybol üzrə “Azərreyl” komandasının baş məşqçisi adına hələ də aydınlıq gəlməyib. Bu barədə apasport.az saytına son mövsümdə komandanın sükanı arxasında olan türkiyəli mütəxəssis Adnan Kistakın özü məlumat verib.

O, Bakıda Avropa çempionatı keçirilən zaman danışıqlar aparmaq üçün paytaxtımıza gəlsə də, məsələ tam həllini tapmayıb. Nəticədə Kistak yenidən İstanbula dönüb.

“Azərreyl”lə Azərbaycan çempionatını 4-cü pillədə başa vuran baş məşqçi danışıqların davam etdiyini və yaxın vaxtlarda bütün suallara aydınlıq gələcəyini bildirib: “Artıq Türkiyəyə qayıtmışam. Növbəti mövsümdə komandanı kimin çalışdıracağı dəqiqləşməyib. Bu istiqamətdə danışıqlar aparırıq. İstanbulda olsam da, klub rəhbərliyinin cavabını gözləyirəm”.

Kistak yenidən “Azərreyl”in baş məşqçisi olacağı halda, heyət qurmaqda çətinlik çəkməyəcəyini deyib: “Əgər yenidən mənə baş məşqçi postu etibar edilərsə, heyət qurmaqda problem olmayacaq. Demək olar ki, komanda kifayət qədər güclü voleybolçular var. Onların sırasına yenilər də transfer olduqdan sonra “Azərreyl” komplektləşmiş olacaq”.

Qeyd edək ki, son mövsümdə paytaxt klubunu çalışdıran Adnan Kistakın müqaviləsi başa çatsa da, o, yenidən Azərbaycanda işləmək arzusundadır.
0