"Qalatasaray" rəsmisi MHK sədrini istefaya dəvət edib
09.12.2024 - 11:58
"Qalatasaray" rəsmisi MHK sədrini istefaya dəvət edib

"Qalatasaray"ın İdarə Heyətinin üzvü İbrahim Hatipoğlu Mərkəzi Hakimlər Komitəsinin açıqlamalarına cavab verib.

Apasport.az xəbər verir ki, İbrahim Hatipoğlu MHK sədri Ferhat Gündoğdunu istefaya dəvət edib: 

"MHK prezidenti bildirib ki, hakim son epizoddan əvvəl matçı yaxşı idarə edib. Yəqin ki, o, başqa bir matça baxıb. Böyük hakim səhvləri olub. Fikrimizcə, ən azı 2-3 qırmızı vərəqə var idi. Dirəkdən dönən epizod öncəsi hakimin 3 metr önündə qayda pozuntusu var idi. Bunları görməyən hakimin qurumunun başındakı şəxsin "90+5-ci dəqiqəyə qədər heç bir problem yoxdur" deməsi hakimlərin indiyə qədər necə çalışdıqlarını açıqlayır. O, baş verən hadisələrə üzülmək əvəzinə, bu problemləri həll etməlidir”.

Qeyd edək ki, ötən gün Türkiyə Super Liqasının XV turunda "Sivasspor" evdə "Qalatasaray"ı qəbul edib. Qarşılaşmanın son dəqiqələrində "Sivasspor"un hücumçusu Rey Manaj "Qalatasaray"ın yarımmüdafiəçisi Barış Alper Yılmaza qarşı qayda pozuntusu edib. Matçın baş hakimi Turqut Doman Manajı sarı vərəqə ilə cəzalandırıb. Bundan sonra VAR hakimi Domanı hadisə anını izləməyə dəvət edib. Epizodu təkrar izləyən Doman qərarını dəyişdirməyib. 

Qarşılaşmadan sonra Mərkəzi Hakimlər Şurasının sədri Ferhat Göndoğdu mətbuata açıqlamasında, Barış Alper - Manaj epizoduna qədər baş hakimin işini yüksək qiymətləndirib. 

0