Çingiz Hüseynzadə: "Bu yarış gənc avarçəkənlərimiz üçün böyük təcrübədir"
01.05.2024 - 15:24
Çingiz Hüseynzadə: "Bu yarış gənc avarçəkənlərimiz üçün böyük təcrübədir"

"Bu gün Suqovuşanda start götürən Prezident Kuboku-2024" beynəlxalq reqatada 21 ölkədən 30 komanda iştirak edir. İştirakçı ölkələrin sayı hər yarışda daha da artır. Bu da bu yarışa olan maraqdan irəli gəlir".

Apasport.az xəbər verir ki, bu sözləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə "Prezident Kuboku-2024" beynəlxalq reqatasının açılış mərasimindən sonra "olympic.az" və "olimpnews.az" saytlarına ekskluziv müsahibəsində deyib. 

Yarışın yüksək səviyyədə təşkil olunduğunu qeyd edən MOK-un vitse-prezidenti turnirin gənc idmançılar üçün böyük təcrübə olduğunu bildirib: "Yarışda ən gənc avarçəkənlərimiz öz bacarıqlarını nümayiş etdirirlər. Bu turnir gənc avarçəkənlərimiz üçün böyük təcrübədir. Ümumiyyətlə, son illərdə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası çox gözəl işlər həyata keçirir. Bu baxımdan federasiyanın fəaliyyəti çox müsbət qiymətləndirilir. Federasiyanın səyi nəticəsində bu idman növü üzrə yarışlar Mingəçevirdə ənənəvi olaraq uğurla təşkil olunur", - deyə Çingiz Hüseynzadə qeyd edib.

MOK-un vitse-prezidenti akademik avarçəkənimiz Diana Dımçenkonun Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanması barədə də danışıb:
"Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasını Paris-2024-ə lisenziya qazanması münasibəti ilə təbrik edirəm. Tokio Olimpiadasında komandamız bu idman növündə iştirak etməmişdi. 2016-cı ildən sonra yenidən avarçəkmə idman növü üzrə olimpiadada təmsil olunmağımız böyük fərəh hissi doğurur. Olimpiya Oyunlarına gələn hər bir idmançı medala iddialıdır. Ümid edirəm ki, Diana Dımçenko Parisdə yaxşı nəticə göstərəcək. Federasiyanın əsas məqsədi Los-Anceles-2028 Yay Olimpiya Oyunları ilə bağlıdır. Federasiya həmin yarışda bir neçə idmançı ilə iştirak etməyi qarşısına məqsəd qoyub. Düşünürəm ki, AKAF bu stabilliyi qoruyub saxlayarsa gələcəkdə güclü avarçəkənlərimiz olacaq".

0