“Mingəçevir Reqatası-2026”nın püşkatması keçirilib
28.09.2026 - 20:38
“Mingəçevir Reqatası-2026”nın püşkatması keçirilib

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkatması baş tutub.

Apasport.az xəbər verir ki, sentyabrın 29-dan oktyabrın 1-dək keçiriləcək yarışın püşkatmasında iştirakçı ölkələrin məşqçi heyətləri və hakimlər iştirak ediblər.

Nəticədə idmançıların çıxış ardıcıllığı və yarışacaqları məsafələr müəyyənləşib.

Turnirin ilk yarış günü sentyabrın 29-da Füzulidə, Köndələn su anbarında təşkil olunacaq. Bu mərhələdə kayak və kanoe üzrə 200 metr məsafədə yarışlar keçiriləcək.

Sentyabrın 30-u və oktyabrın 1-də isə mübarizə Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Bu günlərdə bütün növlər və məsafələr üzrə yarışlar təşkil olunacaq.

Qeyd edək ki, turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistan olmaqla, ümumilikdə 12 ölkədən 100-dən çox gənc avarçəkən iştirak edəcək.