"Prezident Kuboku-2024" beynəlxalq reqatasının rəsmi açılış mərasimi keçirilib
01.05.2024 - 12:49
"Prezident Kuboku-2024" beynəlxalq reqatasının rəsmi açılış mərasimi keçirilib

Mayın 1-də Suqovuşanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illik yubileyinə həsr edilən avarçəkmə üzrə "Prezident Kuboku-2024” beynəlxalq reqatasının rəsmi açılış mərasimi keçirilib.

Mərasimdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) rəhbəri Vüqar Əhmədov, Olimpiya çempionları, müxtəlif federasiyaların və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Mərasimində çıxış edən Cənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov tədbir iştirakçılarını nazirlik adından salamlayıb. O, yarışda 20-dən çox ölkədən 30 komandanın iştirak etdiyini rekord nəticə adlandırıb.

Mərasimdə çıxış edən AKAF-ın baş katibi Fərhad Əliyev yarış iştirakçılarını salamlayaraq turnirin reqlamenti barədə məlumat verib.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə açılış mərasimindəki çıxışında 44 günlük Vətən müharibəsindən sonra  Suqovuşanda ilk beynəlxalq yarışların keçirildiyini qeyd edib. İki il əvvəl ənənəvi turnirdə bir neçə ölkənin iştirak etdiyini xatırladan Çingiz Hüseynzadə budəfəki yarışda 21 ölkənin nümayəndəsinin mübarizə apardığını diqqətə çatdırıb. İki ay yarımdan sonra Parisdə Yay Olimpiya Oyunlarının keçiriləcəyini qeyd edən MOK-un vitse-prezidenti bu oyunlara avarçəkənimizin də lisenziya qazandığını  bildirib.

Çingiz Hüseynzadə "Prezident Kuboku-2024" beynəlxalq reqatasını açıq elan edib.

Rəsmi hissə başa çatdıqdan sonra iştirakçı ölkələrin paradı və nümunəvi çıxışları olub.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə Suqovuşan və Mingəçevirdə keçirilən reqatada 20-dək çox ölkədən avarçəkmənin akademik, kayak və kanoe növlərində 200-dən çox yerli və xarici idmançı iştirak edir.

Turnirin birinci günündə yarışlar tarixi torpağımız Qarabağın ən gözəl yerlərindən olan Suqovuşanda keçiriləcək. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə inşa edilən Suqovuşan su anbarında kayak və kanoe üzrə 200, 500 metr məsafəyə yürüşlər təşkil olunacaq.
Yarışların növbəti iki günü mayın 2-3-də Mingəçevir "Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.

Turnirin qalibləri diplom, medal və kubokla mükafatlandırılacaqlar.

Xatırladaq ki, "Prezident Kuboku” reqatası artıq ikinci ildir ki, Avropa Kanoe Assosiasiyasının təqvim planına daxil edilib.

0