Danışılmış oyunlar hansı liqalarda olur?
18.01.2023 - 16:14
Danışılmış oyunlar hansı liqalarda olur?

Danışılmış oyunların çoxluq təşkil etdiyi liqalar müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bunu “Kristal Pelas”ın sabiq futbolçusu Mozes Svaybu açıqlayıb.

Səkkiz il öncə danışılmış oyunlarda iştirakı üçün 16 aylıq həbs cəzası alan veteran azadlığa buraxıldıqdan sonra FİFA, UEFA və İngiltərə Futbol Assosiasiyası və Premyer Liqası ilə əməkdaşlıq edir. O, danışılmış oyunlarla mübarizə yollarının tapılmasında köməklik göstərir.

Svaybu açıqlamasında danışılmış oyunların daha çox aşağı liqalarda olduğunu bildirib: “Belə matçların təşkilatçıları “Çelsi” futbolçularını ələ almağa dəfələrlə cəhd etsə də, böyük məbləğlər qarşılığında da matçların nəticələrinə təsir edə bilmədi. Ümumiyyətlə top-komandaların üzvlərini tora salmaq müşkül məsələdir. Aşağı liqalarda isə bu iş daha asandır. Çünki burada futbolçuların maaşları da aşağıdır. İstər Böyük Britaniya, istər Amerika olsun, əgər futbolçuların maaşı daha artıq qazanc arzulamağa əsas verirsə, orada danışılmış oyunlar riski böyükdür”.

Svaybu bildirib ki, əsasən yekun nəticələr deyil, xırda, az əhəmiyyət daşıyan məqamlar manipulyasiya olunur: “Danışılmış oyun o demək deyil  ki, sadəcə uduzursan. Daha dəqiq manipulyasiyalar var. Bunun ssenarisi sarı vərəqəni kimin almasına qədər gedib çıxır”.

Qeyd edək ki, Svaybu əsasən aşağı liqa klublarına keçən karyerasını 2013-cü ildə başa vurub.

0