“Əldə edə biləcəyimiz ən yaxşı nəticə uğrunda mübarizə aparacağıq”
07.09.2026 - 13:28
“Əldə edə biləcəyimiz ən yaxşı nəticə uğrunda mübarizə aparacağıq”

Özbəkistanda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək qadınlardan ibarət Azərbaycan millisinin kapitanı Nicat Abasov komandanın hazırlığı və şansları barədə danışıb.

Apasport.az xəbər verir ki, o, Azərbaycan Şahmat Federasiyasının rəsmi saytına müsahibəsində bildirib ki, komanda hazırda son təlim-məşq toplanışını keçir.

“Hazırlıq yaxşıdır. Hazırda son təlim-məşq toplanışındayıq ki, yarışa tam hazır gedək. Bu günlərdə qadın şahmatçılar Basqalda təlim-məşq toplanışındadırlar”.

Abasov şahmatçıların lövhələr üzrə bölgüsünün artıq kapitan və məşqçilər heyətinə məlum olduğunu, ictimaiyyətə isə yarış günü açıqlanacağını söyləyib.

Komandanın Olimpiadadakı şanslarından danışan kapitan güclü rəqiblərin olduğunu vurğulayıb:

“Şahmat Olimpiadası hər zaman ən çətin yarışlardan biridir. İştirakçılar arasında Çin, Hindistan, Gürcüstan, Qazaxıstan, ABŞ kimi güclü komandalar var. Şübhəsiz ki, əldə edə biləcəyimiz ən yaxşı nəticə uğrunda mübarizə aparacağıq. Olimpiadada uğurlu çıxış üçün bəxt amili də vacibdir. Ümid edirik ki, bəxt bizim tərəfimizdə olar”.

Nicat Abasov Azərbaycan millisinin sentyabrın 15-də Səmərqəndə yollanacağını bildirib. Bir gün sonra isə Olimpiadada ilk turun görüşləri keçiriləcək.

Kapitan gənc şahmatçı Xaqan Əhmədin gələcəyinə də ümidlə yanaşıb. O, iyun ayından etibarən şahmatçı ilə çalışdığını və Xaqanın Türkiyə Superliqasında uğurlu çıxış edərək beynəlxalq qrossmeyster adı üçün tələb olunan ilk normanı yerinə yetirdiyini qeyd edib.

“Qısa müddətdə titula sahib olacağına inanıram. Məşqçi kimi lazım olan köməkliyi göstəririk. Tək mən deyil, bütün məşqçilər gənc şahmatçılara dəstək olur. Amma bu sahədə çox şey şahmatçının özündən asılıdır. Xaqan Əhmədin gələcəkdə böyük şahmatçı olacağına, milli komandada çıxış edəcəyinə ümid bəsləyirəm”.