“Demək olar ki, evdə otururam. Amma vaxtımı da səmərəli keçirməyə çalışıram. Fərdi məşq edirəm, bəzən də çölə çıxıb qaçıram”.
Bunu apasport.az saytına Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova deyib.
Yığmamızın 27 yaşlı kapitanı koronavirus pandemiyası səbəbindən legioner həyatı yaşadığı Macarıstanda qalıb. “Vaşaş”ın şərəfini qoruyan blokçu bildirib ki, hər şey qaydasındadır və əsas məqsədi formasını qorumaqdır: “Burada saat səhər 9-dan 12-dək yaşlı insanlar marketlərə, apteklərə gedir. Günortadan sonra cavan nəslin evdən çıxmaq hüququ var. Mən də qaydalara riayət edirəm, bacardıqca çölə az çıxıram. Burada elə də panika yoxdur. Gəzməyə çıxanlar belə var. Amma restoranlar, kafelər və bəzi iş yerləri bağlıdır. Maska taxmaq da məcburi deyil. İstəyindən asılıdır. Vəziyyət normaldır. Kollektiv məşq olmadığından, fiziki formamı qorumaq üçün hər gün fərdi hazırlığa diqqət ayırıram”.
Abduləzimovanın sözlərinə görə, ikinci mövsümdür çıxış etdiyi “Vaşaş” bütün öhdəliklərini yerinə yetirir: “Mövsümün gedişində olduğu kimi, evdə qalıram. Hansısa narahatlıq yoxdur. Lazımı şərait yaradılıb. Macarıstandakı səfirliyimizlə də demək olar ki, hər gün əlaqə saxlayıram. Bakıya uçuşlar bərpa olunan kimi qayıdacağam. Onu gözləyirəm. Komandamızdan tək burda qalan legioner mən deyiləm. Bir oyunçu istisna olmaqla, hamımız buradayıq”.
Yığmamızın təcrübəli voleybolçusu Macarıstan çempionatının yarımçıq dayandırılmasına da münasibət bildirib. O, yerli federasiyanın mövsümü qalibsiz başa vurmasını da normal qarşıladığını deyib: “İdman özü sülhü tərənnüm edir. Bu səbəbdən də əsas insanların sağlamlığıdır. Təki koronavirus problemi tezliklə aradan qalxsın. Fikrimcə, çempionatın yarımçıq başa vurulması normaldır. Onlar qərarını bütün komandaların bir-birilə eyni sayda oyun keçirməməsi ilə əlaqələndirdilər. Komandalar da bu qərara hörmətlə yanaşdılar”.
Qeyd edək ki, ötən mövsüm “Vaşaş”la bürünc medal qazanan voleybolçumuz bu il Macarıstan kubokuna sahib olub.