“Dağlıq Qarabağdakı müharibə gələcək xoşbəxt həyat üçün zəruri olan əməliyyatdır” – Yelena Şabovta
07.10.2020 - 10:30
“Dağlıq Qarabağdakı müharibə gələcək xoşbəxt həyat üçün zəruri olan əməliyyatdır” – Yelena Şabovta

“Mən SSRİ-də anadan olmuşam və böyümüşəm. Bizim hamımızın milliyyəti var idi, amma heç kim bunu göstərmir və heç bir vəchlə təhqir etmirdi”. 

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan voleybolunun əfsanəsi Yelena Şabovta sosial şəbəkə paylaşımında yazıb.

Uzun illər Azərbaycan millisinin liderlərindən olan Ukrayna əsilli voleybol veteranı Dağlıq Qarabağda baş verənlərə biganə qalmayıb. Bununla bağlı rus və ingilis dillərində paylaşım edən Şabovta Azərbaycan sevgisini gizlətməyib: “SSRİ-nin dağılmasından sonra mənim taleyim elə alındı ki, voleybol karyeramı davam etdirmək üçün Bakıda, Azərbaycanda qaldım. Bu, 1990-cı il idi. Qorxulu faciə və Azərbaycanın bütün ailələrinə toxunan acı. Dağlıq Qarabağda vəziyyət... Gördüyümü sözlə ifadə etmək çətindir. Azərbaycanda 15 il yaşayıb, vətəndaşlıq alıb və bu ölkənin yığmasında çıxış edərkən yalnız sevgi, dəstək və isti münasibət hiss etmişəm. Azərbaycan günəşli ölkədir. Bu ölkədə insanlar öz mehribanlıqlarını göstərirlər. Mən həmişə Bakıya qayıdanda xoşbəxtlik və sevgi axını hiss edirəm. Bura mənim ikinci vətənimdir! Mənim evim, mənim ailəmdir!”.

Şabovta 30 ildir sürən Qarabağ probleminə də toxunub: “30 il keçib. Azərbaycan çox dəyişib. Amma azərbaycanlılar elə olduqları kimi qonaqpərvər qalıb. Lakin bu 30 il ərzində Dağlıq Qarabağ acısı daim açılan və sağalmayan böyük yara kimi qalıb. Çünki bura Azərbaycan torpağıdır. Ancaq orda bir nəfər də azərbaycanlı yoxdur və əvvəl orda yaşayanlar indi Azərbaycanın başqa rayonlarında qaçqın statusu ilə məskunlaşıb. Babalarının və ulu babalarının yaşadığı torpaqlarsız 30 il qaçqın statusundadırlar”. 

Paylaşımını səhifəsinə Azərbaycan bayrağı ilə yerləşdirən Şabovta hazırda cəbhə xəttində baş verənləri torpaqlarımızın işğaldan azad olunması baxımından vacib əməliyyat adlandırıb: “Azərbaycan özünün qədim mədəniyyəti olan gözəl ölkədir. Burada dünyanın bütün millətləri yaşayır. Bu, sülh ölkəsidir. İndi orada gedən müharibə gələcək xoşbəxt həyat üçün zəruri olan əməliyyatdır. Öz torpağında və öz əcdadları ilə birgə həyat. Bu, azadetmədir. Sülh və ədalət üçün dua edirəm. Qarabağ Azərbaycandır!”.
 

0
Yelena Şabovta Dağlıq Qarabağ Qarabağ Azərbaycandır