“Gəncə” klubunda SOS: “Küsürlər, heç birinə maddi dəstək verilmir”
14.02.2022 - 16:27
“Gəncə” klubunda SOS: “Küsürlər, heç birinə maddi dəstək verilmir”

“Gəncə voleybolu tamamilə sönüb. Bunun da yeganə səbəbi diqqət və qayğının olmamasıdır”.

Bunu apasport.az saytına açıqlamasında kişi və qadın voleybolçulardan ibarət “Gəncə” klubunun baş məşqçisi Rüstəm Ağayev deyib.

Sosial şəbəkə vasitəsilə yalvarış dolu paylaşım edərək Gəncə voleybolunun ağır durumda olduğundan şikayətlənən mütəxəssis əməkdaşımızla söhbətində, xüsusən də, istedadlı qızların yeniyetmə yaşdan bu idman növündən ayrıldığını söyləyib: “İdmançılar küsürlər, heç birinə həm maddi, həm də mənəvi cəhətdən dəstək verilmir. Heç bir yarışa qatıla bilmirlər. Görürlər ki, voleybola fikir verən yoxdur, hərəsi bir yerə dağılır, digər sahələrə yönəlirlər. Uşaq deyir ki, məşqçi bizi yarışa apara bilmirsə, bu idman növünə niyə getməliyəm? Fikirləşir ki, onsuz da, bizdə voleybol yoxdur, gedib başqa peşəyə yiyələnib, sabah onunla dolanaram. Maddi durumumuz yarışlara qatılmağa imkan vermir. Gəncədən hər dəfə harasa gedib-gəlmək də nə qədər pul tələb edir. Uşaqların yarışa getməyi, qalmağı - hamısı puldur”.

Rüstəm Ağayev yerli qurumlara sponsorluq üçün müraciətlərindən bir nəticə hasil olmadığını bildirib: “Şəhərdə qurumlara dəfələrlə müraciət etmişəm. Pandemiyadan əvvəl bir çox idarələrə ağız açdım. Hamısı dedi ki, bizim maliyyə gücümüz buna çatmır. Axırda əlacsız qalıb sosial şəbəkədə paylaşım elədim. Dəstək olsaydı, belə paylaşıma da ehtiyac duymazdım. Gərək bütün şəhər ictimaiyyətinin qayğısı olsun. Bəlkə yaxşı nəticələr qazanacağıq, sabah da Bakıda kimlərsə bizə dəstək verər, klub kimi formalaşıb Yüksək Liqaya çıxacağıq. Təəssüf ki, Gəncədə bizə diqqət yetirmirlər”.

O, Azərbaycan Voleybol Federasiyasının kluba yardım etmək səlahiyyətində olmadığını sözlərinə əlavə edib: “Federasiya şəhərin daxili işinə qarışa bilmir. Çünki biz Gəncəni təmsil edirik, yarışlara şəhərin adı ilə çıxırıq. Klub kimi formalaşmamışıq ki, federasiyanın balansında olaq. Federasiya bizə təkcə inventarla köməklik göstərə bilər. Ancaq idmançıları saxlaya bilməz. Üstəlik, federasiya peşəkar yarışlara baxır. Bizə şəhər rəhbərliyi dəstək verməlidir ki, yarışlara qatıla bilək. Federasiyadan maliyyələşmək üçün komandam gərək gedib onların klubunda oynasın. Belədə də şəhərdə inkişafdan söhbət gedə bilməz”.

Gəncə voleybol yığmasının da rəhbəri olan Ağayev paylaşımdan sonra Azərbaycan Voleybol Federasiyasının baş katibi Fərid Xəlilovun onunla əlaqə saxladığını vurğulayıb: “Paylaşımdan sonra federasiya rəhbərliyindən Fərid Xəlilov mənə zəng vurdu. Bildirdi ki, Gəncə voleyboluna dəstək vermək istəyirlər. Burdan-bura öz şəhərimizdən qayğı görmürük, amma Bakıdan zəng vurub maraqlanırlar”.
 

0