“Valideynlərimə Gəncədən Bakıya gəlməyi təklif etsəm də, onlar bunu qəbul etmədilər” - Amil Həmzəyev
14.10.2020 - 15:25
“Valideynlərimə Gəncədən Bakıya gəlməyi təklif etsəm də, onlar bunu qəbul etmədilər” - Amil Həmzəyev

“Ermənistanın Gəncə şəhərinə raket zərbəsi endirməsi terror hadisəsidir. Mən hazırda məşqlərə görə Bakıda olsam da, valideynlərim Gəncədə yaşayırlar”. 

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin basketbolçusu Amil Həmzəyev deyib. 

30 yaşlı idmançı Ermənistan silahlı qüvvələrinin atdığı raket nəticəsində Gəncədə baş verən hadisəyə münasibət bildirib. O, Azərbaycan Basketbol Federasiyasının xidmətinə açıqlamasında vurğulayıb ki, düşmənin dinc sakinləri hədəf alması terrordur: “Bizim evimiz zərbə endirilən ərazidən bir qədər uzaqda yerləşir. Atamın sözlərinə görə, zərbənin səsi evimizdə də hiss olundu. Valideynlərimə müvəqqəti olaraq, Bakıya gəlməyi təklif etsəm də, onlar bunu qəbul etmədilər. Ümumiyyətlə, qohumlarım hamısı Gəncədə yaşayırlar. Onların heç biri düşmən tərəfindən endirilən zərbələrdən qorxmadıqlarını və Gəncəni tərk etməyəcəklərini bildirirlər. Bir neçə gündür ki, sosial şəbəkələrdə "PrayForGanja” haştağı ilə dağıdılmış binanın və xəsarət almış insanların videoları və şəkilləri paylaşılır. Sözün əsl mənasında, bu mənzərə məni çox kədərləndirir. Müharibənin cəbhə bölgəsində getməsi, təbii ki, daha məqsədəuyğundur. Hesab edirəm ki, düşmənin dinc sakinləri hədəfə alması, onların artıq çıxış yolunun olmamasından və müharibə bölgəsində məğlub olmalarından irəli gəlir”.

Gəncədə doğulan basketbolçu digər idmançılar kimi müharibəyə yollanmaq üçün qeydiyyatdan keçdiyini də deyib: “Hələ ki, növbəmi gözləyirəm. Ümid edirəm ki, tez bir zamanda, mən də şanlı ordumuzun sıralarına qoşulacağam. İnanıram ki, düşmən tapdağı altında olan torpaqlarımızı azad edəcəyik”.
 

0