“Əvvəlki qızam” - Ayşən Abduləzimova
13.07.2021 - 00:00
“Əvvəlki qızam” - Ayşən Abduləzimova

“Ötən yay müqaviləmə xitam verilməsini xahiş etməyimin səbəbi o idi ki, koronavirus pandemiyası dövründə evimə birbaşa reyslə gedib gələ biləcəyim şəhərdə oynayım. Buna görə də Türkiyəni seçmişdim”.

Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Ayşən Abduləzimova deyib.

Bir illik fasilədən sonra Macarıstanın “Vaşaş” klubuna qayıdan voleybolçu ötən mövsümü Türkiyə “Sarıyer”ində çıxış etməsinə toxunub: “Bu, fiziki və mənəvi baxımdan yorucu idi. Amma buna tab gətirdim. “Sarıyer”dəki hər matçda maksimuma nail olmağa çalışdım. Əlbəttə, heç də həmişə alınmırdı. Amma var qüvvəmi qoyduğum üçün razı qalmalıyam. Böyük təcrübə topladım. Çünki öz bacarıqlarımı dünyanın təcrübəli oyunçuları ilə qarşılaşmalarda oyundan-oyuna artırdım”.

Ayşən iki mövsüm keçirdiyi “Vaşaş”da yenidən oynayacağına sevindiyini də gizlətməyib: “Bu klub əvvəlki kimi mənə ikinci ev kimidir. Burada oynamaqdan xoşum gəlir. İndi sanki ailəmə qayıdıram. Həqiqətən də yeni mövsümü səbirsizliklə gözləyirəm. Sizə təminat verirəm ki, bir ildə dəyişməmişəm. “Vaşaş”ı tərk edən əvvəlki qızam”.
 

0