“Fənərbaxça” klubunun Çempionlar Liqasında keçirəcəyi oyunu azərbaycanlı hakim idarə edəcək
08.08.2008 - 16:35
“Fənərbaxça” klubunun Çempionlar Liqasında keçirəcəyi oyunu azərbaycanlı hakim idarə edəcək
Bakı. Kənan Həsənov - APA-Sport. Avropa Voleybol Konfederasiyası 2008/09 mövsümü çərçivəsində keçiriləcək oyunların hakimlərinin adlarını açıqlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, üç azərbaycanlı referi də avrokubok görüşlərinə təyinat alıb. Eldar Əliyev qadınlar arasında Çempionlar Liqasının (ÇL) qrup mərhələsi çərçivəsində dekabrda keçiriləcək “Dinamo” (Rusiya) - Prosteyov (Çexiya) görüşündə Mişel Heftinin (İsveçrə) köməkçisi olacaq. Həmyerlimiz həmçinin, ÇL-in qrup mərhələsinin kişilər arasında 2009-cu ilin yanvarında baş tutacaq “Fənərbaxça” (Türkiyə) - MOİK (Bolqarıstan) oyununa baş hakim təyin edilib. Bu qarşılaşmada E.Əliyevə serbiyalı Qoran Qradinski yardımçı olacaq. Analoji turnirdə Eldar Zülfüqarov da ölkəmizi təmsil edəcək. Təmsilçimiz kişilər arasında noyabrda baş tutacaq “İskra” (Rusiya) - “Panatinaikos” (Yunanıstan) görüşündə bolqarıstanlı Llian Georgiyevin köməkçisi funksiyasını yeriyə yetirəcək. Konstantin Selin isə kişilər arasında CEV kubokunun 1/16 final mərhələsinin “Piatra Neamt” (Rumıniya) - “Radniçki Kombank” matçında Adnan Kolosun (Bosniya və Hersoqovina) yardımçısı olacaq.


0