Atalar üçdən deyib?
13.09.2008 - 12:23
Atalar üçdən deyib?
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandası bu gün Yunanıstana yollanıb. “APA-Sport”un məlumatına görə, yığmamız sabah Afinada Avropa çempionatının pley-off mərhələsi çərçivəsində yerli komanda ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə 23:00-da başlanacaq.

Komandalar arasında ilk matç sentyabrın 7-də Quba Olimpiya Kompleksində baş tutub. Faiq Qarayevin yetirmələri bu görüşdə inamlı qələbəyə seviniblər - 3:0 (25:20, 25:15, 25:15). Yığmamız Afinadakı görüşdə bir set qazanacağı təqdirdə, 2009-cu ildə Polşada keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edəcək.

Qeyd edək ki, qadın yığmamız indiyədək iki dəfə qitə birinciliyinin final mərhələsinə qatılıb. Komandamız 2005-ci ildə Xorvatiyada 4-cü, ötən il isə Belçika və Lüksemburqda təşkil olunan birincilikdə 12-ci yeri tutub.
0