“Fənərbaxça”nın taleyi həmyerlimizdən asılıdır
31.10.2008 - 14:01
“Fənərbaxça”nın taleyi həmyerlimizdən asılıdır
Bakı. Kənan Həsənov - APA-Sport. Avropa Voleybol Konfederasiyası (CEV) qitə miqyaslı turnirlərin oyunlarını idarə edəcək hakimlərin adlarını açıqlayıb. “APA-Sport”un məlumatına görə, Azərbaycan hakimləri də bir-birindən maraqlı görüşlərə təyinat alıblar.

Beynəlxalq dərəcəli referimiz Konstantin Selin noyabrın 5-də qadınlar arasında “Çelenc kuboku”nun ikinci mərhələsi çərçivəsində Rumıniyada keçiriləcək “Piatra Neamt” – “Radniçki Kombank” (Serbiya) görüşünün Bosniya və Herseqovinadan olan baş hakiminin köməkçisi vəzifəsini yerinə yetirəcək.

Eldar və Zülfüqar Əliyevlər isə daha nüfuzlu yarış olan Çempionlar Liqasında bacarıqlarını nümayiş etdirəcəklər. Belə ki, Eldar əvvəlcə dekabrın 18-də qadınlar arasında Moskvada təşkil olunacaq “Dinamo” - “Prosteyov” (Çexiya) görüşündə isveçrəli həmkarının köməkçisi olacaq. Təmsilçimiz yanvarın 14-də İstanbulda da meydana çıxacaq. O, kişilərdən ibarət “Fənərbaxça” və Bolqarıstan MOİK-inin duelində baş hakimlik edəcək. Eldara bu oyunda serbiyalı referi kömək edəcək.

Eldar Zülfüqarova gəlincə, o, noyabrın 4-də kişilərdən ibarət “İskra” (Rusiya) - “Panatinaikos” (Yunanıstan) qarşılaşmasında bolqarıstanlı baş hakimin köməkçisi vəzifəsini yerinə yetirəcək. Zülfüqarovun ikinci oyunu isə yanvarın 14-də baş tutacaq. Təmsilçimiz həmin gün İtaliyada qadınlar arasında “Peruca” və “Martinus” (Hollandiya) klublarının duelində baş hakimlik edəcək. Onun köməkçisi isə serbiyalı həmkarı olacaq.


0