“Azərreyl” CEV kubokuna məğlubiyyətlə başladı
05.11.2008 - 10:33
“Azərreyl” CEV kubokuna məğlubiyyətlə başladı
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycanın qadınlardan ibarət yığma komandasının baza klubu “Azərreyl” Avropa Voleybol Konfederasiyası (CEV) kubokunun 1/16 final mərhələsinə məğlubiyyətlə başlayıb. “APA-Sport”un məlumatına görə, Faiq Qarayevin yetirmələri Hollandiyanın “Longa 59” kollektivinə uduzub.

İlk dəfə CEV kubokuna qatılan komandamız Quba Olimpiya Kompleksində keçirilən görüşdə 2000 azarkeşin dəstəyi altında oynayıb. Amma “Azərreyl” gərgin mübarizəyə səhnə olan dueldə həlledici nöqtəni qoya bilməyib - 2:3 (22:25, 25:23, 25:15, 16:25, 15:17).

Qeyd edək ki, tərəflər arasında cavab matçı noyabrın 13-də Hollandiyada keçiriləcək. Bu cütün qalibi 1/8 finalda “Roşevill” (Fransa) - “Uraloçka” (Rusiya) duelindən üstün ayrılan komanda ilə qarşılaşacaq.


0