“İqtisadçı” klubunu mən yaratmışam”
11.11.2008 - 13:05
“İqtisadçı” klubunu mən yaratmışam”
Bakı. Kənan Həsənov - APA-Sport. “Bu komandanı mən yaratmışam. Orada oynayanların əksəriyyəti mənim yetirmələrimdir”. Bu sözləri “APA-Sport”a açıqlamasında Avropa Voleybol Konfederasiyası tərəfindən cəzalandırılan qadınlardan ibarət “İqtisadçı” klubunun sabiq baş məşqçisi Oqtay Musayev söyləyib.

Klubun formalaşdırılmasında böyük zəhmət çəkdiyini deyən Musayev rəhbərliyin ona arxa çevirdiyini bildirib: “İqtisadçı” mənim rəhbərlik etdiyim “Azəri” klubunun bazası əsasında yaradılıb. Rəhbərliyin vədinə inanıb “Azəri”ni qurban verdim. Amma işlədiyim altı ay ərzində bir qara qəpik də almadım. Universitet rəhbərliyi tez-tez işimə müdaxilə edirdi. Mən isə nəticəyə cavabdeh şəxs kimi, öz bildiyimlə gedirdim. Ona görə də həmin dövrdə köməkçim işləyən ukraynalı Vladimir Podkapayevi baş məşqçi təyin etdilər”.

Musayev, həmçinin bildirib ki, Voleybol Federasiyasının rəhbərliyi məsələyə qarışdıqdan sonra “İqtisadçı”nın gənclərdən ibarət komandasında işləməsi ilə bağlı şifahi razılıq əldə olunub: “Amma mən çox gözləsəm də, dəvət edən olmadı. Bir sözlə, çəkdiyim əziyyət boşa getdi. Rəhbərlik “Azərreyl” və “Rabitə” klublarından bir neçə voleybolçu cəlb edərək, avrokuboklarda iştirak etməyi qərara aldı”.

Təcrübəli mütəxəssis “İqtisadçı”nın cəzalandırılmasının əsl səbəbini izah etməkdə çətinlik çəkib. Bununla belə, o, problemin komandanın ukraynalı legionerləri Yuliya Zernova ilə Yuliya Popova ilə bağlı ola biləcəyini ehtimal edib.


0