Korotenko ilə Parxomenko 1/8 finalda
13.11.2008 - 11:18
Korotenko ilə Parxomenko 1/8 finalda
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycan voleybolçularının çıxış etdikləri Türkiyə klubları avrokuboklarda növbəti oyunlarını keçiriblər. “APA-Sport” agentliyinin məlumatına görə, Natalya Məmmədovanın şərəfini qoruduğu “Türk Telekom” Çempionlar Liqasının II turunda məğlubiyyətlə üzləşib.

Serbiyanın paytaxtı Belqradda “Postar 064” klubu ilə qarşılaşan Ankara təmsilçisi rəqibinə asanlıqla təslim olub - 0:3 (18:25, 21:25, 22:25). Qrup mərhələsinə “Tenerife” (İspaniya) üzərində qələbə ilə başlayan “Türk Telekom” hazırda 3 xalla 3-cü pillədə qərarlaşıb. Serbiyada zəif təsir bağışlayan Məmmədovanın komandası növbəti matçını dekabrın 9-da səfərdə Fransanın “Kann” klubuna qarşı keçirəcək.

Valeriya Korotenko ilə Oksana Parxomenkonun oynadıqları “Fənərbaxça Acibadem” komandası isə Avropa Voleybol Konfederasiyası (CEV) kubokunda mərhələ adlayıb. İstanbullular səfərdə olduğu kimi, doğma meydanda da Belçika “Datovoc”una 3:0 hesabı ilə qalib gəliblər. Hər iki voleybolçumuz bu qələbədə önəmli rol oynayıblar. CEV kubokunun 1/8 finalına yüksələn “Fənərbaxça Acibadem”i “Slidrext”lə (Hollandiya) çətin oyunlar gözləyir.


0