“Azərreyl” mifi dağıldı
14.11.2008 - 11:32
“Azərreyl” mifi dağıldı
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycanın qadınlardan ibarət “Azərreyl” klubu Avropa Voleybol Konfederasiyasının (CEV) kubokunun 1/16 final mərhələsində mübarizəni dayandırıb. “APA-Sport”un məlumatına görə, buna Faiq Qarayevin rəhbərlik etdiyi komandamızın Hollandiyada yerli “Longa 59” kollektivinə məğlubiyyəti səbəb olub.

Lixtenvord şəhərində təşkil olunan görüş təmsilçilərimizin üstünlüyü şəraitində başlayıb və “Azərreyl” ardıcıl iki setdə qələbə qazanıb. Amma meydan sahibləri vəziyyəti dəyişməyi bacarıblar. Nəticədə voleybolçularımız rəqibinə 2:3 (25:22, 25:19, 17:25, 25:27, 13:15) hesabı ilə uduzaraq, ilk dəfə qatıldığı CEV kubokunda mübarizəni dayandırıblar. Bu komandalar arasında bir həftə öncə Quba Olimpiya Kompleksində keçirilən ilk oyunda da qonaqlar eyni hesabla qələbə qazanmışdılar.

“Çelenc kuboku” turnirdəki təmsilçimiz “Rabitə” isə ikinci mərhələ səddini adlamaqda çətinlik çəkməyib. Komandamız cavab matçında Bakı İdman Sarayında “Viesti” klubuna 3:0 (25:21, 25:19, 25:20) hesabı ilə qalib gəlib. Bu kollektivlər arasında Finlandiyada baş tutan ilk matçda meydan sahibləri sevinmişdi -3:2.


0