Azərbaycanın ən uzun idmançısı üçün acı xəbər
15.11.2008 - 13:06
Azərbaycanın ən uzun idmançısı üçün acı xəbər
Bakı. Kənan Həsənov - APA-Sport. “Aleksandr Rındinin oynamasını mən də istəyirəm. Amma hazırda bu mümkün deyil”. “APA-Sport”un məlumatına görə, bu fikirləri Rusiyanın “Ural-Qreyt” basketbol klubunun baş məşqçisi Roman Dvinyaninov söyləyib.

Gənc mütəxəssis Azərbaycan yığmasının üzvünün hələ də debüt edə bilməməsini onun fiziki cəhətdən hazır olmaması ilə izah edib: “Siz onun bura hansı vəziyyətdə gəldiyini görmüşdünüz? Aleksandr komandaya qoşularkən adi təmrinləri yerinə yetirə bilmirdi. Halbuki, uşaq bağçasında bunun öhdəsindən gəlirlər. O, fiziki cəhətdən çox zəif idi”.

Dvinyaninov Azərbaycan basketbolçusunun yayda keçirdiyi cərrahiyyə əməliyyatından sonra yeni-yeni özünə gəldiyini bildirib. Baş məşqçi, həmçinin qarşıdakı oyunlarda Rındinin xidmətindən yararlana biləcəyini də sözlərinə əlavə edib: “Rındin hazırda normal məşq edir. Legioner basketbolçunu ehtiyatda saxlamağın sərfəli olmadığını mən də dərk edirəm. Onun əvəzinə başqa birini də heyətə cəlb edə bilərdik. Fikrimcə, qarşıdakı görüşlərdə onu meydanda görə biləcəyik”.

Qeyd edək ki, cari mövsümün əvvəlində əsas komandaya cəlb olunan Rındin hələ də debüt edə bilməyib.
0