Rəfiqə Şabanova: “Yəqin ki, müdafiədə problemlərlə üzləşəcəyik”
21.11.2008 - 18:29
Rəfiqə Şabanova: “Yəqin ki, müdafiədə problemlərlə üzləşəcəyik”
“Dünya çempionatının seçmə görüşlərinə tam heyətlə cəmi 4-5 gün hazırlıq keçmişik. Çünki ölkə xaricində oynayan həndbolçularımızın əksəriyyəti klublarının heyətində çıxış ediblər. Bu müddət ərzində də əsasən, xətlərarası əlaqə üzərində işləmişik”. Bu sözləri apasport.az saytına Azərbaycanın qadınlardan ibarət həndbol yığmasının baş məşqçisi Rəfiqə Şabanova söyləyib.

Olimpiya çempionu zədə ucbatından dünya çempionatının seçmə mərhələ oyunlarında çıxış etməyəcək Yekaterina Ruzayevanın yoxluğunu ciddi itki adlandırıb: “Təəssüf ki, o, belə məsul yarışda bizə yardımçı ola bilməyəcək. Yekaterina arxa xətt oyunçusudur, böyük təcrübəsi var. Hücumda da fəal iştirak edir. Yəqin ki, müdafiədə problemlərlə üzləşəcəyik”.

Şabanova dünya çempionatının pley-off mərhələsinə yüksəlməyin çox çətin olacağını da bildirib. Onun fikrincə, yeganə vəsiqəyə əsas iddiaçı meydan sahibləri qismində çıxış edəcək Çernoqoriya yığmasıdır: “Bu komanda bir nömrəli favoritdir. Keçmiş Yuqoslaviyada həndbol həmişə güclü olub. Onlar da bu məktəbin nümayəndələridirlər. Sloveniya da həmçinin. Bolqarıstan, Finlandiya və İtaliyanı isə məğlub etməyə borcluyuq. Amma bu birinci yer üçün döyüşməyəcəyimiz anlamına gəlməməlidir. Pley-offa vəsiqə qazanmağa çalışacağıq”.

Qeyd edək ki, yığmamız Çernoqoriyaya noyabrın 23-də yola düşəcək.
0