Baş məşqçi: Bəyəm, Azərbaycan bundan nə isə qazanıb?
25.11.2008 - 14:42
Baş məşqçi: Bəyəm, Azərbaycan bundan nə isə qazanıb?
“Milli komanda üzvlərinin Gürcüstan çempionatında çıxışını izləmirəm. Çünki bunun Azərbaycan basketboluna heç bir aidiyyatı yoxdur. Onların toplaşdığı NTD klubu Tiflisi təmsil edir. Bu çox təəssüf doğuran məqamdır”. Bu sözləri apasport.az saytına Azərbaycanın kişilərdən ibarət basketbol yığmasının baş məşqçisi Elxan Əliyev deyib.

O, bu vəziyyətdə yalnız yığma üzvlərinin qabağa düşdüyünü bildirib: “Təbii ki, Gürcüstan çempionatında rəqabət daha güclüdür. İddialı komandaların sayı çoxdur. Bu isə bizim oyunçuların inkişafına təsir göstərəcək. Üstəlik, maddi vəziyyətlərini düzəldəcəklər. Amma bundan Azərbaycan basketbolu heç bir xeyir görməyəcək. Əksinə, çempionatımızın səviyyəsi aşağı düşəcək, oyunlara maraq azalacaq. NTD rəhbərliyi orada xərclədiyi pulları ölkəmizdə sərf etsəydi, bu başqa məsələ. Aleksandr Rındin kimi xaricdə oynayan bir neçə legionerimiz var. Bəyəm, bundan Azərbaycan basketbolu nə isə qazanıb?”

Qeyd edək ki, milli komandamızın üzvləri Tahir Baxşıyev, Anar Sarıyev, Fuad Niftəliyev və Zaur Paşayev Gürcüstan çempionatında NTD klubunun heyətində çıxış edirlər. Ardıcıl iki mövsüm Azərbaycan çempionu olan bu kollektiv yarışda Tiflis şəhərini təmsil edir.
0