Azərbaycanın iki ulduzlu voleybolçuları
01.12.2008 - 10:49
Azərbaycanın iki ulduzlu voleybolçuları
Qadın voleybolçular arasında keçirilən Türkiyə Superliqasında VIII turun oyunları yekunlaşıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının üzvlərinin yer aldıqları komandalar hesabat turunu itkisiz başa vurublar.

Natalya Məmmədovanın şərəfini qoruduğu “ Türk Telekom” doğma meydanda “Karşıyaka” klubundan üstün olub - 3:2. 24 yaşlı voleybolçumuz əsas heyətdə çıxış etsə də, oyunu cəmi iki ulduzla qiymətləndirilib. Yığmamızın digər üzvləri, Oksana Quliyeva ilə Valeriya Korotenkonun formasını geydikləri “Fənərbaxça Acibadem” isə “İllər Bankası”nı darmadağın edib - 3:0. Əsas heyətdə mübarizə aparan voleybolçularımızın oyunu müvafiq olaraq, üç və iki ulduzla dəyərləndirilib.

Bu nəticələrdən sonra xallarının sayını 18-ə çatdıran “Türk Telekom” üçüncü pillədəki mövqeyini qoruyub. Hesabında 15 xal olan “Fənərbaxça Acibadem” 5-ci sırada qərarlaşıb. Turnir cədvəlinə isə hərəyə 19 xal toplayan “Əczaçıbaşı Zentiva” və “Beşiktaş” klubları başçılıq edirlər.
0