Olimpiya çempionu: Belə də sistem olar?
02.12.2008 - 17:33
Olimpiya çempionu: Belə də sistem olar?
“Yığmanın dünya çempionatının seçmə qrup mərhələsində çıxışından razı qaldım. Çernoqoriyanı da məğlub etsəydik, əla olardı. Təəssüf ki, bu, real deyildi”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycanın qadın həndbolçulardan ibarət milli komandasının baş məşqçisi Rəfiqə Şabanova söyləyib.

SSRİ yığmasının tərkibində 1976-cı il Monreal Olimpiadasının qalibi olan mütəxəssis bildirib ki, komandanın qarşıya qoyulan vəzifənin öhdəsindən gəlməsinə hakimlər mane olublar. Şabanova Rusiyanın “Astraxanoçka” klubunda oynayan Yekaterina Ruzayevanın heyətdə yer ala bilməməsinin də nəticəyə təsir göstərdiyini vurğulayıb: “Finlandiya, İtaliya və Bolqarıstan üzərində inamlı qələbədən sonra Çernoqoriya ilə qarşılaşdıq. Meydan sahibləri də bu görüşədək maksimum nəticəyə imza atmışdılar. Oyunun ilk 10 dəqiqəsi bərabər mübarizə şəraitində keçsə də, çexiyalı hakimlər hər şeyi korladılar. Ev sahibinə simpatiya göstərilməsi normal haldır, buna sözüm yoxdur. Amma açıq-aşkar tərəfkeşlik qəbuledilməzdir. Vəziyyətin dəyişməyəcəyini görüb meydana yeniyetmə həndbolçuları buraxdım. Fikrimcə, Ruzayeva heyətdə yer alsaydı, rəqibi məğlub edə bilərdik”.

Bu məsələ ilə bağlı Avropa Həndbol Federasiyasının rəsmisinə şikayət etdiyini deyən Şabanova hakimlərə də narazılığını çatdırıb. Yarışın reqlamenti də təcrübəli mütəxəssisin ürəyincə deyil: “Altı komandanın mübarizəsindən növbəti mərhələyə cəmi birinin adlaması gülüncdür. Belə də sistem olar? Üstəlik, təşkilatçılıq hüququ öncədən favorit göstərilən Çernoqoriyaya həvalə edilir. Belə olan halda, hakimlərin onlara “işləməsi” gözləniləndir”.

Milli komandada layiqli əvəzedicilərin olmadığını nəzərə çatdıran Şabanovanın fikrincə, bu, həndbolumuzun qarşısında duran ən ciddi problemdir.
0