Oksana Parxomenko: Biz “Azerreyl”də oynayanda vəziyyət başqa cür idi MÜSAHİBƏ
27.12.2008 - 13:18
Oksana Parxomenko: Biz “Azerreyl”də oynayanda vəziyyət başqa cür idi MÜSAHİBƏ
Azərbaycan voleybol yığmasının kapitanı, Türkiyənin “Fənərbaxça Acibadem” klubunda çıxış edən Oksana Parxomenkonun Apasport.az saytına eksklüziv müsahibəsi

- Oksana, mövsümün əvvəlində nadir hallarda meydana çıxırdınız. Əvvəlcə, bunun səbəbini izah edərdiniz?
- Heyətdə yer ala bilməməyim zədə ilə bağlı idi. İstanbula gəldiyim ilk gündə məşq zamanı ayağımdan zədələndim. Daha doğrusu, köhnə zədəmi təzələdim. Ona görə də məşqçilər heyəti mütəmadi meydana çıxmağıma imkan vermədilər.

- Artıq bu problemin tamamilə arxada qaldığını və əsas heyətdə möhkəmləndiyini söyləmək olarmı?
- Bəli. Son oyunlara bir qayda olaraq əsas heyətdə başlayıram. Məşqçilər də meydanda gördüyüm işdən razıdırlar.

- “Fənərbaxça Acibadem” Türkiyə Superliqasında bir o qədər də sabit çıxış etmir. Bu nə ilə bağlıdır?
- Zədəli oyunçularımızın sayı çoxdur. Bu yaxınlarda isə Valeriya Korotenko sıradan çıxdı. Ona görə də meydanda ideal heyətlə oynaya bilmirik. Bu da komandanın çıxışına təsir göstərir. Çətinliklərə baxmayaraq, birinci dövrəni 4-cü pillədə başa vurduq. Fasilədən sonra daha inamlı çıxış edəcəyimizi düşünürəm.

- Yeri gəlmişkən, Korotenkonun sağlamlıq durumu nə yerdədir?
- İndi özünü yaxşı hiss edir. Oyun zamanı ayağından zədələndi. Həkimlər onun üzərində kiçik cərrahiyyə əməliyyatı apardılar. Valeriya ikinci dövrədən komandaya qoşulacaq.

- Komandanız iki cəbhədə mübarizə aparır. Necə düşünürsünüz, həm superliqada, həm də “Çağırış kuboku” turnirində uğur qazanmağa gücünüz yetəcək?
- Rəhbərlik tərəfindən komandanın qarşısına hər iki turnirdə birinci olmaq vəzifəsi qoyulub. Fikrimcə, potensialımız buna yetəcək. Zədəli voleybolçularımız sıraya döndükdən sonra işimiz bir qədər də yüngülləşəcək.

- Korotenko ilə birlikdə “Ulduzlar” komandasına seçildiniz və yerli voleybolçuların yığmasına qarşı oynayacaqsınız. Bu sizin üçün gözlənilməz olmadı ki?
- Prinsipcə, heyətə düşəcəyimiz gözlənilən idi. Superliqada məndən başqa əcnəbi pleymeyker yoxdur. Valeriya da öz mövqeyində ən yaxşılardan hesab olunur. Yerli voleybolçulara qarşı oyunun maraqlı olacağını düşünürəm. Amma təəssüf ki, bayram səbəbindən bəzi güclü legionerlər heyətdə yer ala bilməyəcəklər.

- Vaxtilə şərəfini qoruduğunuz “Azərreyl” avrokuboklarda mübarizəni erkən dayandırdı. Keçmiş komandanızın zəif təsir bağışlamasının səbəbini nədə görürsünüz?
- Nə demək olar? Əlbəttə, onların mərhələ adlaya bilmədiklərinə görə təəssüflənirəm. Başlıca səbəb voleybolçuların təcrübəsizliyi ilə bağlıdır. Biz heyətdə yer alanda vəziyyət başqa cür idi. Nisbətən gənclərə göstəriş və məsləhətlər verirdik. Fikrimcə, bu müvəqqəti haldır.

- Sonuncu sualımız qarşıdan gələn bayramlarla bağlıdır. Bir neçə günlük olsa da, Bakıya qayıtmağı düşünürsünüzmü?
- Belə fikrimiz var. Dekabrın 29-da Bakıya gələcəyik. Bayramları yaxınlarımızın əhatəsində keçirməyi düşünürük.
0