Azərbaycan - İsrail oyununda qalmaqal! - FOTO
09.01.2009 - 14:47
Azərbaycan - İsrail oyununda qalmaqal! - FOTO
Türkiyənin Alaniya şəhərində Azərbaycan və İsrailin gənc voleybolçulardan ibarət milli komandaları arasında keçirilən Avropa çempionatının II mərhələsinin qrup oyunu zamanı qalmaqal baş verib. Apasport.az saytının lent.az-a istinadən məlumatına görə, yığmamızın 3:0 hesabı ilə qalib gəldiyi oyun azarkeşlərin etirazları ilə yadda qalıb.

“Atatürk” İdman Zalında keçirilən qarşılaşmaya azarkeşlər buraxılmayıb. İdman qurğusunun önünə toplaşan 100-dək kişi və qadın zala daxil olan İsrail yığmasına etirazlarını bildirib. Onlar İsrailin Fələstinə qarşı apardığı hərbi əməliyyatlardan narazılıqlarını ifadə ediblər. Onların qarşısını polis qüvvələri alsa da, “Həmas”a salam, dirənişə davam”, “Körpə qatili İsrail” və “İsraili Alaniyada topla oynamağa qoymarıq” kimi şüarlar səsləndirmələrinə heç kim mane olmayıb. Sonra onlar Qəzza bölgəsində ölənlərin ruhuna dualar oxuyublar. Narazı qrupun başçısı İsrail yığması turnirdən gedənədək etirazların davam edəcəyini açıqlayıb.

Gün ərzində İsrail millisi 150-dək polisin mühafizəsi altında olub. Oyunun yerli vaxtla saat 17:30-da başlanması nəzərdə tutulsa da, təhlükəsizlik tədbirləri səbəbindən qarşılaşmanın startı 3 saat əvvələ çəkilib. Matçın canlı yayımlanmasına da icazə verilməyib.
0