Milli komandamız Hollandiya ilə eyni səbətə düşdü
23.11.2011 - 14:30
Milli komandamız Hollandiya ilə eyni səbətə düşdü
FİBA Avropa basketbol üzrə kişilər arasında 2013-cü ildə Sloveniyada keçiriləcək qitə çempionatının seçmə mərhələsində mübarizə aparacaq komandaların səbətlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, qrup mərhələsində 30 yığma mübarizə aparacaq ki, onlar da 5 qrupa bölünüb.

Tarixində ilk dəfə bu mötəbər yarışa qatılacaq Azərbaycan millisi Çexiya, Estoniya, Hollandiya, İsveçrə və Avstriya ilə birgə IV səbətdə yer alıb.

Avro-2013-ün püşkatması mərasimi isə dekabrın 4-də Almaniyanın Frayzing şəhərində keçiriləcək. Seçmə oyunlar 2012-ci ilin avqust - sentyabr aylarında, final mərhələ 2013-cü ilin sentyabr ayında Sloveniyada keçiriləcək.

I səbət: Serbiya, Türkiyə, Almaniya, Finlandiya, Gürcüstan, Xorvatiya.
II səbət: Bolqarıstan, Ukrayna, Bosniya və Herseqovina, İsrail, İtaliya, Polşa.
III səbət: Çernoqoriya, Latviya, Belçika, Portuqaliya, Macarıstan, İsveç.
IV səbət: Çexiya, Estoniya, Hollandiya, İsveçrə, Avstriya, Azərbaycan.
V səbət: Belarus, Lüksemburq, Slovakiya, Rumıniya, Albaniya, Kipr.

Qeyd edək ki, bu komandalar hərəsində 5 yığma olmaqla, 6 qrupda mübarizə aparacaq. Hər qrupdan ilk 2 yerin sahibi və üçüncü yer tutan 6 komanda arasında ən yaxşı nəticəyə malik 4 yığma da Sloveniyada iştirak hüququ qazanacaq.

Son analoji turnirin 6 ən yaxşı komandası – İspaniya, Fransa, Rusiya, Makedoniya, Yunanıstan, Litva, həmçinin Avro-2013-ün meydan sahibi Sloveniya ilə London Olimpiadasının təşkilatçısı Böyük Britaniya 2 ildən sonra keçiriləcək yarışa birbaşa vəsiqə əldə ediblər.